Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Karib regionunda Yaxın Şərqdən kənarda ABŞ-nin ən böyük hərbi dəniz qruplaşmalarından biri yerləşdirilib. May ayında USS “Nimitz” aviadaşıyıcı zərbə qrupu qanadlı raketlərlə təchiz edilmiş esmines və kreyserlərlə birlikdə regiona daxil olub.
Həmin gəmilər quru hədəflərinə yüksək dəqiqlikli zərbələr endirmək imkanına malikdir. Bundan əlavə, Kuba sahilləri yaxınlığında bir neçə ay ərzində ABŞ-yə məxsus kəşfiyyat təyyarələri və pilotsuz uçuş aparatları qeydə alınıb.
ABŞ dövlət katibi Marko Rubio Nazirlər Kabinetinin iclasında bildirib ki, Kuba “böyük problemlə” üz-üzədir. Onun sözlərinə görə, “ABŞ sahillərindən 90 mil məsafədə uğursuz dövlətin mövcudluğu ABŞ-nin milli təhlükəsizliyi üçün təhdiddir”.
Mənbələr iddia edir ki, Pentaqon hava hücumundan müdafiə sistemlərinə və ölkə rəhbərliyinə qarşı nöqtə zərbələrindən tutmuş hakimiyyət dəyişikliyi əməliyyatına qədər müxtəlif variantları nəzərdən keçirir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiki Mark Kansian bildirib ki, USS “Nimitz” ilk növbədə qorxutmaq məqsədilə bölgəyə göndərilib, lakin lazım gələrsə hərbi əməliyyatlarda istifadə oluna bilər.
Onun sözlərinə görə, mümkün vəzifələrdən biri sonrakı hava əməliyyatlarını təmin etmək məqsədilə Kubanın hava hücumundan müdafiə sisteminin məhv edilməsi ola bilər.
Kansian əlavə edib ki, Kubanın keçmiş lideri Raul Kastro da mümkün hədəflərdən biri hesab oluna bilər.
Bununla yanaşı, ABŞ hərbçiləri ciddi problemlə üzləşiblər. Bir çox gəmilər artıq təxminən on aydır dənizdədir və bu müddət nəzərdə tutulandan xeyli uzundur.
Pentaqonda ekipajların həddindən artıq yüklənməsi və donanmanın aşınması ilə bağlı narahatlıq var. Bu narahatlıq xüsusilə İran əleyhinə eyni vaxtda aparılan əməliyyatlar fonunda daha da artır.
Müdafiə sahəsindəki mənbələrdən biri bildirib ki, gəmilərin uzun müddət dənizdə qalması gələcəkdə donanmanın təmiri və bərpası zamanı uzunmüddətli problemlər yaradır.
Sevinc Əliyeva
Ordu.az