ABŞ maliyyə naziri İrana qarşı iqtisadi təzyiqin kəskin artırıldığını açıqlayıb

2026/05/1779983109.jpg
Oxunub: 335     19:29     28 May 2026    
ABŞ maliyyə naziri Skott Bessent İrana qarşı iqtisadi təzyiqin kəskin şəkildə artırıldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.

Bessent bildirib ki, Vaşinqton Tehranla danışıqlarda “qənaətbəxş nəticə” əldə olunana qədər sərt sanksiya kampaniyasını davam etdirmək niyyətindədir.

Nazirin sözlərinə görə, ABŞ “Economic Fury” əməliyyatını davam etdirir.

Amerikalı nazir iddia edib ki, tətbiq edilən təzyiqlərin nəticələri artıq İran daxilində hiss olunur.

“İran iqtisadiyyatı və milli valyutası sərbəst eniş vəziyyətindədir”, - deyə Bessent bildirib.

O əlavə edib ki, Vaşinqtonun qiymətləndirməsinə əsasən, İran hərbçiləri maaşlarla bağlı problemlərlə üzləşirlər, bəzi polis əməkdaşları işə çıxmır, Fars körfəzində İranın əsas neft ixrac mərkəzi olan Xark adası isə faktiki olaraq fəaliyyətini dayandırıb.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi “Persian Gulf Strait Authority” (PGSA) adlı quruma qarşı sanksiyalar tətbiq edib.

Vaşinqton dövlət və kommersiya təşkilatlarını İranın dəniz marşrutlarından keçid üçün ödənişlər etməməyə çağırıb. Bu qadağaya həmin ödənişlərin humanitar yardım adı altında gizlədilməsi cəhdləri də daxildir.

ABŞ maliyyə naziri bildirib ki, ABŞ-nin dəniz blokadası nəticəsində daşınma prosesində olan İran neftinin həcmi rekord səviyyədə azalıb. Bessentin sözlərinə görə, Vaşinqton İran aviaşirkətlərinin fəaliyyətini də məhdudlaşdırmaq niyyətindədir.

Bu məhdudiyyətlərə eniş slotlarına çıxış, təyyarələrin yanacaqla təminatı və bilet satışı daxildir.

Nazir vurğulayıb ki, yalnız danışıqlarda uğurlu nəticə əldə olunarsa, təzyiqlərin daha da artırılması dayandırılacaq. “Yalnız danışıqlarda qənaətbəxş nəticə əldə olunması bu eniş spiralına son qoyacaq”, - deyə Bessent bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin