İsrail qüvvələri Beyrutun cənub ətrafında yerləşən binaya aviazərbə endirib

2026/05/1779983056.jpg
Oxunub: 345     19:26     28 May 2026    
İsrail cümə axşamı Livanın paytaxtı Beyrutun cənub ətrafında yerləşən binaya aviazərbə endirib.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu, son həftələr ərzində Beyrut yaxınlığında həyata keçirilən ilk zərbə olub.

Hadisə Livanın cənubunda İsrail qoşunları ilə “Hizbullah” arasında hərbi əməliyyatları dayandıra bilməyən atəşkəs fonunda baş verib.

İsrail Müdafiə Ordusu (SAXAL) Beyruta dəqiq zərbə endirildiyini açıqlasa da, əlavə detallar təqdim etməyib.

İsrail təhlükəsizlik xidmətlərindəki iki mənbə hədəfin “İmam Hüseyn” diviziyasının raket bölməsinin rəhbəri Əli əl-Hüseyni olduğunu bildirib.

İsrailli rəsmilər həmin silahlı birləşmənin “Hizbullah” və İranla əlaqəli olduğunu iddia edirlər.

Livan təhlükəsizlik xidmətindəki mənbə isə bildirib ki, zərbə Beyrutun cənub ətrafında yerləşən binaya iki yüksək dəqiqlikli raketlə endirilib.

May ayının əvvəlində “Hizbullah” komandirinin öldürüldüyü hücumu nəzərə almasaq, atəşkəs dövründə Beyrut və onun ətrafı yeni bombardmanlardan yayınmışdı.

İsrailli rəsmilər qeyd edirlər ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının xahişi ilə İsrail ordusu üç həftə ərzində Beyruta zərbə endirməkdən çəkinib.

Bununla yanaşı, İsrailə məxsus kəşfiyyat pilotsuz uçuş aparatları hər gün Beyrut üzərində uçuşlar həyata keçirir.

İsrail təhlükəsizlik xidmətlərindəki iki mənbə bildiriblər ki, cümə axşamı həyata keçirilən zərbə son günlər Tramp administrasiyası ilə aparılan “çox intensiv dialoqdan” sonra baş tutub.

İsrail Livanın cənubundakı şəhər və kəndlərə gecə və cümə axşamı ərzində genişmiqyaslı zərbələr endirib. Bundan əvvəl İsrail həmin ərazinin yeni hissəsini “hərbi əməliyyat zonası” elan etmişdi.

İsrail hərbçiləri Zəhrani çayından cənubda yerləşən bütün yaşayış məntəqələrinin sakinlərini ərazini tərk etməyə çağırıblar. Həmin çay İsrail-Livan sərhədindən təxminən 40 kilometr şimalda yerləşir.

İsrail qoşunlarının nəzarətə götürdüyü sərhəd zonası ilə birlikdə son üç ayda İsrailin təxliyə əmrləri Livanın təxminən 2 min kvadratkilometr ərazisini əhatə edib ki, bu da ölkə ərazisinin təxminən beşdə birinə bərabərdir.

Livan Səhiyyə Nazirliyi bildirib ki, cümə axşamı səhər Adlun şəhəri yaxınlığında həyata keçirilən İsrail zərbəsi nəticəsində altı nəfər həlak olub. Sayda liman şəhərinə endirilən başqa bir zərbə nəticəsində isə beş nəfər ölüb.

Həmin gün daha sonra baş verən digər İsrail hücumu nəticəsində Sur şəhərində iki Suriya vətəndaşı həlak olub. İsrail daha əvvəl həmin şəhərin boşaldılmalı olduğunu bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Beyrut  


Bizi "telegram"da izləyin