Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ və regiondakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp hələlik sənədə yekun razılığını verməyib.
Qeyd olunur ki, memorandumun imzalanması müharibənin başlanmasından bəri ən mühüm diplomatik irəliləyiş ola bilər. Bununla belə, Trampın nüvə proqramı ilə bağlı tələblərinə cavab verəcək yekun razılaşma üçün daha intensiv danışıqlar tələb olunur.
ABŞ rəsmilərindən biri bildirib ki, “bu razılaşma bütün tərəfləri danışıqlar masasına gətirmək üçün nəzərdə tutulub və detalları danışıqlar zamanı hazırlanacaq”.
ABŞ rəsmilərinin sözlərinə görə, razılaşmanın əsas şərtləri artıq çərşənbə axşamı günü razılaşdırılmışdı, lakin hər iki tərəfdə ali rəhbərliyin təsdiqi tələb olunurdu.
Məlumata əsasən, İran tərəfi sonradan geri qayıdaraq lazımi icazələri aldıqlarını və sənədi imzalamağa hazır olduqlarını bildirib. İran isə bunu rəsmi şəkildə təsdiqləməyib.
ABŞ nümayəndələri yekun razılaşmanın detalları barədə Donald Trampa məlumat veriblər, lakin o, sənədi dərhal təsdiqləməyib. “Prezident vasitəçilərə bildirib ki, qərar vermək üçün ona bir neçə gün lazımdır”, - deyə amerikalı rəsmilərdən biri qeyd edib.
ABŞ rəsmiləri bildiriblər ki, 60 günlük memorandumda Hörmüz boğazından gəmi keçidinin “məhdudiyyətsiz” olacağı qeyd ediləcək. Bu isə rüsumların və təzyiqlərin olmaması deməkdir. Həmçinin İran 30 gün ərzində boğazda yerləşdirilən bütün minaları çıxarmalı olacaq.
Bundan əlavə, ABŞ-nin dəniz blokadasının da mərhələli şəkildə aradan qaldırılacağı bildirilib. Memorandumda İranın nüvə silahı hazırlamamaq öhdəliyi də yer alacaq. Sənədə əsasən, ilk 60 gün ərzində əsas müzakirə mövzuları İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması və ölkədə uranın zənginləşdirilməsi probleminin həlli olacaq.
ABŞ tərəfi danışıqlar çərçivəsində sanksiyaların yumşaldılmasını və İranın dondurulmuş vəsaitlərinin açılmasını müzakirə etməyi öhdəsinə götürüb. Həmçinin memorandum İranın humanitar yardım və məhsul qəbulunu bərpa etməsinə kömək edəcək mexanizmin yaradılmasını da nəzərdə tutur.
Sevinc Əliyeva
Ordu.az