“Axios”: ABŞ Kubada mümkün hakimiyyət dəyişikliyi halında hərbi əməliyyat planları hazırlayır

2026/04/1776484038.jpg
Oxunub: 377     18:35     28 May 2026    
ABŞ hakimiyyəti Kubada bu yay baş verə biləcək mümkün hakimiyyət dəyişikliyinə hazırlaşır və bu ssenari üçün hərbi əməliyyat planları hazırlayır.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp hazırda İran ətrafındakı vəziyyətin tənzimlənməsi ilə məşğuldur və bundan sonra diqqətini Kubaya yönəltməyi planlaşdırır.

Vaşinqton Havana üzərində iqtisadi təzyiqləri bütün imkanlar tükənənədək davam etdirmək niyyətindədir və bundan sonra hərbi variant da istisna olunmur.

Məlumata görə, ötən ay ABŞ Silahlı Qüvvələrinin Mərkəzi və Cənubi Amerika, eləcə də Karib hövzəsinə cavabdeh olan Cənub Komandanlığı adada mümkün hərbi əməliyyatlara hazırlıq məqsədilə qərargah təlimləri keçirib.

Hərbçilər Kuba tərəfindən istifadə edilən pilotsuz uçuş aparatları və mümkün iğtişaşlara cavab variantlarını müzakirə ediblər.

Bununla yanaşı, “Axios”un həmsöhbəti hazırda “heç bir işğalın planlaşdırılmadığını və nəzərdə tutulmadığını” vurğulayıb.

“Prezident əmr verən kimi hər şeyə hazır olacağıq”, - deyə mənbə əlavə edib.

Nəşrin məlumatına görə, ABŞ administrasiyası hələlik hakimiyyət dəyişikliyi halında Kubanın müvəqqəti hökumətinə rəhbərlik edə biləcək kubalı rəsmiləri müəyyənləşdirməyib.

Kubada vəziyyət bu ilin yanvar ayının sonundan etibarən kəskin şəkildə pisləşib. Buna səbəb ABŞ-nin adaya daxil olan yanacağın tam bloklanması qərarı olub.

İqtisadi böhran səbəbindən mart ayında ölkənin enerji sistemi üç dəfə sıradan çıxıb və hazırda bütün Kuba ərazisində saatlarla elektrik enerjisi kəsintiləri yaşanır.

Ölkədə benzin və dizel yanacağı qıtlığı hökm sürür. Aviasiya kerosininin çatışmazlığı səbəbindən bəzi xarici aviaşirkətlər artıq Kubaya uçuşlarını ləğv etməyə başlayıb.

Mayın 19-da Donald Tramp Kuba ilə razılığa gəlməyin mümkün olduğunu bildirib. ABŞ Prezidenti Kubada hakimiyyət və dövlət quruluşunu devirmək istəyib-istəmədiyi ilə bağlı suala isə dəqiq cavab verməyib.

Tramp martın 5-də Vaşinqtonun Kubaya qarşı növbəti addımları hazırlamağa başlayacağını açıqlamışdı. O daha əvvəl dəfələrlə bildirmişdi ki, ABŞ təzyiqləri nəticəsində Venesueladan neft tədarükünün dayanmasından sonra Kuba hökuməti və iqtisadiyyatı çöküş həddinə çatıb.

Fevralın 27-də isə Ağ Evin rəhbəri ABŞ-nin “dostcasına Kubaya nəzarət qura biləcəyini” bəyan etmişdi.

“Politico” qəzeti mayın 18-də yazmışdı ki, ABŞ administrasiyası getdikcə Kubaya qarşı hərbi gücdən istifadə variantına daha çox meyillənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kuba  


Bizi "telegram"da izləyin