ABŞ və Meksika azad ticarət sazişinə yenidən baxılması ilə bağlı danışıqlar aparacaq

2026/05/1779969608.jpg
Oxunub: 364     15:56     28 May 2026    
ABŞ bu ilin iyun-iyul aylarında Meksika hakimiyyəti ilə Kanada, Meksika və ABŞ arasında imzalanmış üçtərəfli ticarət sazişinin (USMCA) Vaşinqtonun xeyrinə yenidən nəzərdən keçirilməsi üzrə bir sıra danışıqlar aparacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qririn aparatının bəyanatında bildirilib.

“Danışıqlar zamanı əsas diqqət sazişin amerikalı istehsalçılar, fermerlər, heyvandarlıqla məşğul olanlar, işçilər və xidmət təminatçıları üçün faydalı olmasına yönələcək”, - deyə bəyanatda qeyd olunub.

Bundan əlavə, ABŞ danışıqlar çərçivəsində iqtisadi təhlükəsizlik və malların mənşəyinin təsdiqlənməsi qaydaları ilə bağlı bəzi məsələləri yenidən nəzərdən keçirməyi planlaşdırır.

USMCA sazişi 2018-ci ildə Vaşinqtonun təşəbbüsü ilə imzalanıb. ABŞ hesab edirdi ki, NAFTA adlı əvvəlki analoji ticarət sazişi ölkənin maraqlarına cavab vermir.

Yeni müqavilə 2020-ci ildə qüvvəyə minib.

Sazişin şərtlərinə əsasən, hər altı ildən bir planlı yenidən baxılma prosesi nəzərdə tutulur və bu proses 2026-cı il iyulun 1-dək tamamlanmalıdır.

Əgər sazişin müddəti uzadılarsa, o daha 16 il qüvvədə qalacaq.

Əks halda müqavilə 2036-cı ildə başa çatana qədər hər il yenidən nəzərdən keçiriləcək.

Saziş ümumi dəyəri təxminən 2 trilyon dollar olan mal və xidmətləri əhatə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Meksika  


Bizi "telegram"da izləyin