Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır sosial media hesabında paylaşım edib.
Nazir bildirib ki, hər iki raket döyüş başlıqlı atış sınaqlarını uğurla tamamlayıb və bununla da təsdiqləmə prosesi geridə qalıb.
Kaçır qeyd edib ki, bu nailiyyət Türkiyənin müdafiə qabiliyyəti baxımından strateji əhəmiyyət daşıyır.
“Milli “hava-hava” raketlərimiz döyüş başlıqlı atış sınaqlarını uğurla tamamlayaraq təsdiqləmə mərhələsini geridə qoydu. Bu, sadəcə sınaq deyil, göylərdəki çəkindirmə gücümüzün, mühəndisliyimizin və qətiyyətimizin konkret göstəricisidir. Başda TÜBİTAK SAGE mühəndis və texnikləri olmaqla, bu böyük uğurda əməyi keçən bütün tərəfdaşları ürəkdən təbrik edirəm. Ölkəmizə xeyirli olsun. Milli texnologiya hərəkatı yolunda daha güclü sabahlara doğru irəliləyirik”, - deyə nazir vurğulayıb.
BOZDOĞAN yüksək manevr qabiliyyətinə malik, qabaqcıl əks-tədbir sistemləri ilə təchiz edilmiş yaxın mənzilli “hava-hava” raket sistemidir.
Raket bərk yanacaqlı raket mühərrikinə, 25 kilometrdən çox uçuş məsafəsinə və infraqırmızı axtarış başlığına malikdir.
BOZDOĞAN təzyiq və qəlpə təsirli döyüş başlığı ilə təchiz olunub. GÖKDOĞAN isə yüksək manevr qabiliyyətinə malik, qabaqcıl əks-tədbir sistemləri ilə təchiz edilmiş uzaq mənzilli “hava-hava” raket sistemidir.
Raket bərk yanacaqlı raket mühərrikinə, 65 kilometrdən çox uçuş məsafəsinə və aktiv radar axtarış başlığına malikdir. GÖKDOĞAN da təzyiq və qəlpə təsirli döyüş başlığı ilə təchiz olunub.
Sevinc Əliyeva
Ordu.az