ABŞ-də PUA-lar istehsal edən bir neçə şirkətin maliyyələşdirilməsi planlaşdırılır

2026/05/1779968360.jpg
Oxunub: 310     15:34     28 May 2026    
ABŞ administrasiyası pilotsuz uçuş aparatlarının daxili istehsalını genişləndirmək məqsədilə özəl şirkətlərlə bir neçə maliyyələşdirmə sazişi bağlaya bilər.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon Alabama ştatında yerləşən “Performance Drone Works”, Donald Trampın oğlu kiçik Donald Trampın pay sahibi olduğu “Unusual Machines” və “Neros Technologies” startapı ilə müqavilələrin bağlanması imkanını nəzərdən keçirir.

Nəşr yazır ki, ABŞ Müdafiə Nazirliyi bu sazişlər hesabına pilotsuz uçuş aparatlarının istehsalını artırmağı, bazar təklifini genişləndirməyi və onların maya dəyərini azaltmağı planlaşdırır.

Xatırladaq ki, 2025-ci il dekabrın ayında Pentaqonun rəhbəri Pit Heqset ABŞ müdafiə qurumunun 1 milyard dollar dəyərində proqram başladığını açıqlamışdı.

Həmin proqram 2028-ci ilin əvvəlinə qədər dörd mərhələdə yüz minlərlə kamikadze pilotsuz uçuş aparatının alınmasını nəzərdə tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin