Avstraliya hərbi bazaları kimyəvi maddələrlə çirkləndirdiyinə görə ABŞ şirkətindən 1,4 milyard dollar tələb edir

2026/05/1779959728.jpg
Oxunub: 370     13:08     28 May 2026    
Avstraliya hakimiyyəti yanğınsöndürmə vasitələrinin tərkibindəki kimyəvi maddələrlə 28 hərbi bazanı çirkləndirdiyinə görə ABŞ-nin “3M Company” kimya şirkətini məhkəməyə verib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Mişel Roulandın mətbuat xidməti məlumat yayıb.

“Hökumət Avstraliya Federal Məhkəməsinə “3M Australia Pty Ltd” və “3M Company” şirkətlərinə qarşı iddia qaldırıb. Məqsəd ölkə ərazisində yerləşən 28 hərbi bazada perftoralkil və poliftoralkil maddələri (PFAS) səbəbindən yaranmış çirklənməyə görə zərərin ödənilməsidir”, - deyə açıqlamada bildirilib.

Məlumata görə, ABŞ şirkətinin istehsal etdiyi kimyəvi maddələr əvvəllər Avstraliya Silahlı Qüvvələrinin yanğınsöndürmə köpüklərində istifadə olunub.

Avstraliyanın müdafiə nazirinin müavini Piter Halilin sözlərinə görə, hakimiyyət şirkətdən 2 milyard Avstraliya dollarından çox, yəni 1,4 milyard ABŞ dollarından artıq təzminat tələb edir.

O əlavə edib ki, Müdafiə Nazirliyi artıq araşdırmalar, ərazilərin təmizlənməsi və əhaliyə kompensasiyaların verilməsi üçün 1,3 milyard Avstraliya dollarından çox, yəni 925 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.

Bundan başqa, şirkət çirklənmə faktını və onun nəticələrini gizlətməkdə də ittiham olunur.

“The Sydney Morning Herald” qəzetinin məlumatına görə, PFAS və ya “əbədi kimyəvi maddələr” yalnız hərbi bazaları deyil, həm də torpaqları, yaşayış evlərini, qida məhsullarını və su mənbələrini çirkləndirib.

“Bu, Avstraliya tarixində qaldırılmış ən böyük məhkəmə iddiasıdır”, - deyə qəzet Roulandın sözlərini sitat gətirib.

İttihamlara cavab olaraq “3M Company” nümayəndəsi bildirib ki, şirkət heç vaxt Avstraliyada PFAS istehsal etməyib və təxminən 20 il əvvəl bu maddələrin ölkədə satışını dayandırıb.

O həmçinin hərbçiləri tənqid edərək qeyd edib ki, satış dayandırıldıqdan sonra belə onlar təxminən iki onillik ərzində PFAS tərkibli yanğınsöndürmə köpüklərindən istifadə etməyə davam ediblər.

Perftorlaşdırılmış üzvi birləşmələr çoxlu sayda flüor atomu ehtiva edən mürəkkəb molekullardır. Bu kimyəvi maddələr teflon, soyuducu mayelər, polimerlər, boyalar və müxtəlif istehlak məhsullarının istehsalında istifadə olunur.

PFAS maddələrinin geniş istifadəsi nəticəsində onların molekulları həm təbii ekosistemlərdə, həm də insanların orqanizmində sürətlə toplanmağa başlayıb.

Son illərdə aparılan araşdırmalar göstərir ki, perftorlaşdırılmış üzvi maddələrin molekulları qalxanabənzər vəzinin, immun sisteminin və bir sıra digər orqanların normal fəaliyyətini pozur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   ABŞ  


Bizi "telegram"da izləyin