“Lockheed Martin” GMLRS ilə uyğun yerli döyüş başlığının sınaqlarını uğurla başa çatdırıb

2026/05/Ekran-1779957105.jpg
Oxunub: 362     12:28     28 May 2026    
“Lockheed Martin” və tərəfdaşları Avstraliyada GMLRS ilə uyğun yerli döyüş başlığının sınaqlarını uğurla başa çatdırıb.

Ordu.az xəbər verir ki, “Lockheed Martin”, “Northrop Grumman” və “Thales” şirkətləri Avstraliyadakı ortaq təşəbbüsləri çərçivəsində istehsal etdikləri döyüş başlığını uğurla sınaqdan keçiriblər.

Qlobal müdafiə sənayesinin aparıcı şirkətləri arasında yer alan bu üç şirkət atış sınaqlarını Yeni Cənubi Uels ştatının Bourke şəhəri yaxınlığında həyata keçirib.

Cəmi 11 həftə ərzində tamamlanan sınaqlar Avstraliyanın Hind-Sakit okean regionundakı çəkindirmə imkanlarını yerli silah potensialı ilə gücləndirməyi hədəfləyir.

“Lockheed Martin Australia” və “Lockheed Martin New Zealand” şirkətlərinin baş icraçı direktoru Ceremi Kinq bildirib ki, bu sınaqlar Avstraliyanın yerli döyüş başlığı istehsalı qabiliyyətinin nə dərəcədə real olduğunu sübut edib.

“Bu uğur Avstraliya müdafiə sənayesinin ölkə daxilində yüksək keyfiyyətli döyüş başlığı texnologiyalarını layihələndirmək, istehsal etmək və sınaqdan keçirmək sahəsindəki ortaq gücünü açıq şəkildə nümayiş etdirir. Bu, həmçinin Avstraliya Federal Hökumətinin “Guided Weapons and Explosive Ordnance” (GWEO) proqramı çərçivəsində müəyyən etdiyi hədəflərə çatmaq baxımından kritik dönüş nöqtəsidir”, - deyə Kinq vurğulayıb.

Onun sözlərinə görə, bu proses “Lockheed Martin”, “Thales Australia” və “Northrop Grumman Australia” arasında güclü tərəfdaşlığa, eləcə də müdafiə sahəsində müstəqil idarəolunan sursat qabiliyyətinin əldə olunması üçün vacib olan GMLRS uyğun döyüş başlıqlarının hazırlanmasına əsaslanır.

“Defence Industry Europe” nəşrinin yaydığı məlumata görə, “Lockheed Martin Australia”nın strateji əməkdaşlıq çərçivəsində yaratdığı bu tərəfdaşlıq ölkədə idarəolunan raket sistemlərinin hazırlanması üçün güclü sənaye ekosistemi formalaşdırmağı hədəfləyir.

Şirkətlər tədqiqat və istehsal proseslərində xərc və avadanlıq paylaşımını optimallaşdırmaqla yanaşı, kritik məhsulların, komponentlərin, sursatların və xammalın xüsusilə böhran dövrlərində fasiləsiz təchizatını təmin etməyi planlaşdırır.

“Thales Australia” və “Thales New Zealand” şirkətlərinin baş icraçı direktoru Ceff Konnolli isə bildirib ki, “Lockheed Martin”in Avstraliyada qurduğu GMLRS müəssisəsində döyüş başlığı istehsalı vəzifəsini “Thales” həyata keçirir.

O vurğulayıb ki, tərəflər arasındakı əməkdaşlıq bir-birini tamamlayan strateji sinerji yaradır. Konnolli əlavə edib ki, uğurla keçirilən atış sınaqları gələcəkdə daha mürəkkəb və yüksək texnologiyalı sistemlərin yerli istehsalı üçün zəmin formalaşdırır.

GWEO ilə müdafiədə strateji tərəfdaşlıqlar

“Lockheed Martin” 2021-ci ildə Avstraliya hökuməti tərəfindən elan olunan “Guided Weapons and Explosive Ordnance” proqramı çərçivəsində “Strateji Sənaye Tərəfdaşı” seçilmişdi.

Proqram çərçivəsində “Lockheed Martin”in qlobal miqyasda həyata keçirdiyi oxşar əməkdaşlıqlara paralel olaraq müəyyən texnologiya və kritik xidmət imkanlarının Avstraliyaya transfer edilməsi nəzərdə tutulur. Bu addım ölkədə idarəolunan sursatların hazırlanması və istehsal proseslərini sürətləndirmək strategiyasını birbaşa dəstəkləyir.

Bu çərçivədə “Northrop Grumman Australia” və “Thales Australia” əməkdaşlığı ilə istehsal edilən yeni döyüş başlığı “Lockheed Martin”in GMLRS sistemi ilə tam uyğun şəkildə hazırlanıb. Hazırda Avstraliya ordusunun inventarında olan və HIMARS lançerlərində istifadə edilən bu dəqiq idarəolunan raket 70 kilometrdən artıq məsafədəki hədəfləri məhv etmək imkanına malikdir.

150 kilometrdən çox mənzilə çata bilən inkişaf etdirilmiş versiya olan ER GMLRS üzərində işlərin isə davam etdiyi bildirilib. Avstraliya hökumətinin maliyyə dəstəyi və podratçı şirkətlərin mühəndislik təcrübəsi mövcud infrastruktur və müəssisələrin yerli döyüş başlığı istehsalına uyğunlaşdırılmasına imkan verib.

“Northrop Grumman Australia”nın ölkə üzrə rəhbəri Rob Denni layihənin uğurla başa çatmasının çoxşaxəli üstünlüklər yaratdığını bildirib.

“Lockheed Martin” olaraq “Thales Australia”, Avstraliya hökuməti və yerli təchizatçılarımızla sıx əməkdaşlıq şəraitində uzaqmənzilli idarəolunan sursat istehsalını sürətləndirməyə qərarlıyıq. Məqsədimiz Avstraliyanın əməliyyat ehtiyaclarına uyğun, miqyaslana bilən, xərc baxımından səmərəli və yüksək zərbə gücünə malik yerli sursat imkanlarını uğurla inkişaf etdirməkdir”, - deyə Denni qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   Northrop-Grumman   GMLRS  


Bizi "telegram"da izləyin