Kavelaşvili: "Azərbaycanla Gürcüstanın dostluğu, strateji tərəfdaşlığı güclənir"

2026/02/1771393396.jpg
Oxunub: 299     17:46     27 May 2026    
Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri güclənir.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Tbilisi Cümə məscidində Qurban bayramı münasibətilə keçirilən tədbirdə ölkə Prezidenti Mixeil Kavelaşvili müsəlman icmasını təbrik edərkən deyib.

Prezident çıxışında Gürcüstan və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq qarşılıqlı hörmət və tarixi bağlar üzərində qurulub.

Kavelaşvili Azərbaycana səfərlərini xatırladaraq, ölkəni özünə doğma və qardaş dövlət kimi qəbul etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında sülh, sabitlik və əməkdaşlıq regionda ümumi təhlükəsizlik mühitinin möhkəmlənməsinə xidmət edir.

Dövlət başçısı həmçinin Gürcüstanda yaşayan azərbaycanlı icmanın ölkənin ayrılmaz hissəsi olduğunu vurğulayıb. O qeyd edib ki, azərbaycanlı deputatların və icma nümayəndələrinin ictimai-siyasi proseslərdə iştirakı iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verir.

Kavelaşvili çıxışında Gürcüstanda yaşayan azərbaycanlıların sosial vəziyyəti və dövlət dilini öyrənməsinin vacibliyinə də toxunub. O bildirib ki, bu istiqamətdə irəliləyiş həm vətəndaşların imkanlarını genişləndirir, həm də onların cəmiyyətə inteqrasiyasını gücləndirir.

Prezident sonda ölkədə sülh və sabitliyin qorunmasının, vətəndaşların rifahının artırılmasının və məhsuldar fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kavelaşvili   Azərbaycan   Gürcüstan  


Bizi "telegram"da izləyin