Ordu.az xəbər verir ki, tədbirdə Gürcüstan parlamentinin deputatı Zaur Darğallı, Marneuli meri Daur İsmayılov, Dmanisi meri Koba Muradaşvili, yerli özünüidarəetmə orqanlarının nümayəndələri, din xadimləri, ziyalılar, gənclər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Tədbir Azərbaycan və Gürcüstanın Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.
"Azərbaycan Evi" və GAİM-in direktoru Məhəbbət İmanov çıxışında bildirib ki, iki ölkənin müstəqillik günlərinin birlikdə qeyd olunması Azərbaycan-Gürcüstan dostluğunun və strateji tərəfdaşlığının bariz nümunəsidir.
Deputat Zaur Darğallı isə çıxışında qeyd edib ki, 26 və 28 may tarixləri xalqların azadlıq uğrunda mübarizəsinin, dövlətçilik iradəsinin və milli kimliyinin rəmzidir. O vurğulayıb ki, Azərbaycan ilə Gürcüstanın münasibətləri tarix boyu dostluq və qarşılıqlı dəstək üzərində qurulub.
Marneuli meri Daur İsmayılov çıxışında iki ölkə arasında mövcud dostluq və strateji əməkdaşlığın regionda sabitlik və inkişaf üçün mühüm rol oynadığını qeyd edib.
Dmanisi meri Koba Muradaşvili də müstəqilliyin xalqlar üçün ən böyük dəyər olduğunu vurğulayaraq Gürcüstan və Azərbaycanın regionda sülh və əməkdaşlığa töhfə verdiyini bildirib.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov isə çıxışında birlik, həmrəylik və qarşılıqlı hörmətin cəmiyyətin əsas dayaqları olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində GAİM nəzdində fəaliyyət göstərən "Sarvan" folklor ansamblı Azərbaycan və gürcü milli rəqslərini təqdim edib. Gecədə gənc ifaçı Şaban Məmmədov, həmçinin digər musiqiçilər və sənətçilər çıxış ediblər.
Tədbir iştirakçıları Azərbaycan və Gürcüstan xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Ordu.az