Ordu.az xəbər verir ki, bunu Rusiyanın baş nazir müavini Aleksey Overçuk deyib.
O, Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmağa hazırlaşmadığını bildirib.
Onun sözlərinə görə, Ermənistan AİB üzvlüyündən əldə etdiyi güzəştlərin və iqtisadi üstünlüklərin fərqindədir.
“Bizə məlum olduğu qədərilə Ermənistan AİB-dən çıxmağa hazırlaşmır. Orada həm güzəştlərin həcmini, həm də AİB üzvü olan digər dövlətlərlə ticarət dövriyyəsinin səviyyəsini çox yaxşı anlayırlar”, - deyə Overçuk jurnalistlərə bildirib.
Rusiya baş nazirinin müavini qeyd edib ki, belə ticarət həcmi əsasən Ermənistan üçün tətbiq edilən güzəştli rejimlər sayəsində mümkün olub.
“Bunlara sıfır gömrük rüsumları, uyğunlaşdırılmış standartlar və texniki tənzimləmələr daxildir. Bu gün bazarlarımız açıqdır, malların sərbəst hərəkəti təmin olunur”, - deyə o vurğulayıb.
Overçuk əlavə edib ki, ermənilər AİB üzvlüyünün onlara verdiyi üstünlükləri çox yaxşı başa düşür və bu səbəbdən birlikdən çıxmaq istəmirlər.
Alpər Mövludoğlu
Ordu.az