Paşinyan: “Mehrini vermək istəyən qrup mühakimə olunmalıdır”

2026/05/1779456546.jpg
Oxunub: 379     15:45     27 May 2026    
“Robert Köçəryan (Ermənistanın sabiq prezidenti-red.) və digərləri onillərlə həbsdə qalmalıdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 27-də Kotayk vilayətində keçirilən “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı kampaniyası zamanı deyib.

Paşinyan keçmiş hakimiyyəti Mehrini Azərbaycana verməkdə ittiham edib.

Ermənistanın Baş naziri bildirib ki, keçmiş hakimiyyət Laçın yolu məsələsini gündəmə gətirdiklərini iddia etsə də, əslində bu mövzu Mehrinin Ermənistandan ayrılması məqsədilə ortaya atılıb.

“Laçın yolu mövzusu Mehrini Ermənistandan ayırmaq üçün gündəmə gətirilmişdi və bu planı dayandıran mən olmuşam”, - deyə Ermənistanın hökumət başçısı vurğulayıb.

Onun sözlərinə görə, Mehri Ermənistanın ayrılmaz hissəsidir və keçmiş hakimiyyət bu bölgəni vermək üçün 1999-cu il oktyabrın 27-də baş verən terror aktını, hakimiyyət dəyişikliyini və çevrilişi təşkil edib.

“Bu müharibə tərəfdarı olan üçbaşlı partiya Mehrini vermək istəyən qrupdur və onlar mühakimə olunmalı, onillərlə həbsdə yatmalıdırlar”, - deyə Paşinyan bildirib.

Paşinyan Robert Köçəryanı “Kaluqa oliqarxı” adlandıraraq onun və digər şəxslərin həbs edilməli olduğunu bəyan edib.

“Mənə mandat verin. Deyirəm ki, hamı bütün sərhədləri keçib. Kaluqa oliqarxı Robert Köçəryan, o belaruslu şəxs həbs olunmalı, onillərlə həbsdə qalmalıdır. Mən sizdən bu planı həyata keçirmək üçün mandat istəyirəm”, - deyə Paşinyan qeyd edib.

O vurğulayıb ki, seçkilərin əsas mövzusu Ermənistanın ərazi bütövlüyü və Zəngəzurun qorunmasıdır.

“Mən sizin üçün Ermənistanın ərazi bütövlüyünü, Mehrini və Zəngəzuru əbədi Ermənistanın ayrılmaz hissəsi kimi qorumuşam”, - deyə o bildirib.

Paşinyan qeyd edib ki, Köçəryan “1 Mart” cinayətinin təşkilatçısı, Mehrini vermək istəyən şəxsdir və həbsdə olmalıdır.

Ermənistanın Baş naziri qeyd edib ki, indiyədək ehtiyatla hərəkət edib, çünki həmin şəxslərin 15 dövlətin casusu olduğunu düşünüb.

“Mən Ermənistanın müstəqilliyi uğrunda bir neçə cəbhədə mübarizə aparmışam və çalışmışam ki, yeni cəbhələr açılmasın. Amma indi hər şey son həddə çatıb, casuslar həbsə düşməlidir”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Mehri  


Bizi "telegram"da izləyin