Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan Zəngəzur vilayətinin Mehri şəhərində seçkiqabağı kampaniya çərçivəsində jurnalistlərlə görüşdə bildirib.
“Hayastan” blokunun deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Köçəryan Nikol Paşinyanın “bəzi şəxslərin Ermənistandan qaçacağı” barədə fikirlərini şərh edib.
“Mən düşünmürəm ki, Paşinyanın haqqında danışdığı şəxslər Ermənistandan qaçsın. Amma onun özü mütləq qaçacaq, buna şübhəm yoxdur”, - deyə o bildirib.
Köçəryan əlavə edib ki, əgər ölkədən qaçmaq niyyəti olsaydı, bunu çoxdan etmiş olardı.
Keçmiş prezidentin sözlərinə görə, Paşinyan öz qorxularını dilə gətirir və onları başqalarının üzərinə proyeksiya etməyə çalışır.
“O, həm 2008-ci il martın 1-də, həm də 2020-ci il noyabrın 9-da imzalanan bəyanatdan sonra qaçıb və iki həftə bunkerdə gizlənib. Bu insanın mahiyyəti belədir. Hara qaçsa da, biz onu geri gətirəcəyik”, - deyə “Hayastan” blokunun lideri bildirib.
Köçəryan qeyd edib ki, seçkilərlə hakimiyyətin təhvil verilməsi arasındakı dövr Paşinyana qaçmaq imkanı yaradır və “o bu işin ustasıdır”.
Erməni siyasətçi Ermənistan Mərkəzi Seçki Komissiyasının Paşinyanın “öldürülmək təhlükəsi” ilə bağlı açıqlamalarını siyasi bəyanat kimi qiymətləndirməsini də absur adlandırıb.
“Mən təsəvvür edirəm ki, əgər belə bəyanatı mən və ya tərəfdarlarım versəydik nə baş verərdi. O halda arxiyepiskop Baqrat Qalstanyanı niyə həbsdə saxlayırlar?”, - deyə Köçəryan sual verib.
O, həmçinin 2020-ci il müharibəsində müəyyən şəxslərin ölməməsi ilə bağlı səslənən narazılıqlara toxunaraq bildirib ki, Paşinyan əvvəlcə özü və tərəfdarlarının niyə ölmədiyini izah etməlidir.
“Əgər onun şərəfi olsaydı, 44 günlük müharibədən sonra intihar etməli idi, Qarabağın təhvil verilməsindən sonra isə özünü asmalı idi”, - deyə Ermənistanın ikinci prezidenti vurğulayıb.
Onun sözlərinə görə, Nikol Paşinyan 2022-ci ildə Praqada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan bəyanatı imzaladıqdan sonra “xalqın öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizə” separatçı hərəkata çevrilib.
“Bu, vəziyyəti prinsipial şəkildə dəyişdi. Bu adam bir imza ilə etdiklərinə görə məsuliyyət hiss etmir? İndi isə soruşur ki, niyə həmin insanlar ölmədi. Məncə, o, onların ölməsindən məmnun olardı”, - deyə Köçəryan sözlərini ekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az