Köçəryan: “Azərbaycanla münasibətlər olmalıdır, nəticə etibarilə o bizim qonşumuzdur”

2026/05/1779734641.jpg
Oxunub: 378     15:28     27 May 2026    
“Dünyada dövlətlərin ərazi mübahisələri fonunda sülh müqaviləsi olmadan əməkdaşlıq etdiyi onlarla nümunə var”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan Zəngəzur vilayətinin Mehri şəhərində seçkiqabağı kampaniya çərçivəsində jurnalistlərlə görüşdə bildirib.

“Hayastan” blokunun deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən müxalif erməni siyasətçi ictimaiyyətə təlqin olunan Bakı ilə yekun sənəd imzalanmadan təhlükəsizlik sistemi qurmağın mümkünsüz olduğu tezisini sərt şəkildə tənqid edib.

Köçəryan vurğulayıb ki, beynəlxalq praktika tamamilə fərqli yanaşmalar göstərir.

Erməni siyasətçi klassik nümunə kimi İspaniya ilə Böyük Britaniya arasında Cəbəllütariq ətrafında davam edən çoxəsrlik mübahisəni göstərib. Onun sözlərinə görə, 1710-cu ildən bəri davam edən ərazi iddialarına baxmayaraq, hər iki ölkə Avropa İttifaqı çərçivəsində uğurla əməkdaşlıq edib, geniş ticarət dövriyyəsinə malik olub və müharibəyə hazırlaşmayıb.

Köçəryan qeyd edib ki, ərazi mübahisələri fonunda birgəyaşayışın oxşar modelləri Çin-Hindistan və İspaniya-Mərakeş münasibətlərində də mövcuddur.

Keçmiş erməni prezidentin fikrincə, Ermənistan Azərbaycanla danışıqların məntiqini kökündən dəyişməli, “sülh gündəliyi” şüarı altında həyata keçirilən sonsuz birtərəfli güzəştlər siyasətindən imtina etməlidir.

“Azərbaycanla münasibətlər olmalıdır, nəticə etibarilə o bizim qonşumuzdur. Əgər sən həddindən artıq asılı vəziyyətdəsənsə, problemlərlə üzləşəcəksən. Özün üçün alternativ yarat, əsas diqqəti danışıqlardakı mövqelərinə yönəlt”, - deyə Köçəryan bildirib.

Köçəryan Nikol Paşinyanın seçkilərdə məğlub olacağı halda inzibati resurslardan istifadə edərək təkrar səsvermə təşkil edə biləcəyi ilə bağlı ehtimalları da şərh edib.

“Düşünmürəm ki, o belə bir riskə getsin. Çünki belə hallarda qanunsuzluqlara əl atmaq inqilabi nəticələrə səbəb ola bilər. Əgər vətəndaşların iradəsinə qarşı hakimiyyəti zorla saxlamağa çalışsa, öz başına böyük bəla gətirəcək”, - deyə “Hayastan” blokunun lideri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin