“Luys” Fondu: Ermənistanda ticarət iqtisadi aktivliyin artımını zəiflədir, ixrac və idxaldakı qeyri-sabitlik riskləri artırır

2026/04/1775888747.jpg
Oxunub: 309     13:22     27 May 2026    
“Luys” Fondu Ermənistan iqtisadiyyatının 2026-cı ilin yanvar-aprel aylarındakı sosial-iqtisadi inkişaf göstəricilərini təhlil edib.

Ordu.az xəbər verir ki, fondun hesabatında iqtisadi aktivliyin yüksək səviyyədə qaldığı, lakin artım strukturunda zəifləmə siqnallarının müşahidə olunduğu bildirilib.

Məlumata görə, 2026-cı ilin yanvar-aprel aylarında iqtisadi aktivlik nisbətən yüksək səviyyədə qalsa da, artımın strukturu daha qeyri-bərabər xarakter almağa başlayıb.

“Apreldə iqtisadi aktivlik göstəricisinin artımı təxminən 7,1 faiz təşkil edib və mart ayı ilə müqayisədə müəyyən qədər sürətlənib. Lakin yığım üzrə artım yanvar-mart aylarındakı 7,1 faizdən 6,9 faizə düşüb. Artımın əsas hərəkətverici qüvvələri sənaye və xidmət sahələri olub, ticarətdə zəif dinamika isə iqtisadi aktivliyin daha sürətli artımını məhdudlaşdırmağa davam edir”, - deyə hesabatda qeyd olunub.

Fond bildirib ki, sənaye sektorunda artım apreldə müəyyən qədər bərpa olunsa da, sahədəki dinamika qeyri-sabit olaraq qalır.

“Apreldə sənaye istehsalının artımı 11,7 faiz olub, nəticədə yanvar-aprel ayları üzrə yığım artımı 13 faiz təşkil edib. Bununla yanaşı, sektorun artımı əsasən ayrı-ayrı alt sahələr və qısamüddətli amillərlə, o cümlədən mədən sənayesi və əsas metalların istehsalındakı yüksək artımla bağlıdır. Bu yüksək artım isə böyük ölçüdə reeksport faktorlarından qaynaqlanır və istənilən anda dayana və ya kəskin azala bilər”, - deyə hesabatda vurğulanıb.

Hesabatda xarici ticarət göstəricilərinin də yenidən pisləşdiyi qeyd olunub.

“Apreldə ixrac həcmi 25,9 faiz azalıb və nəticədə yanvar-aprel üzrə yığım göstəricisi mənfi olub, yanvar-mart aylarındakı 6,4 faizlik artıma qarşı -3,3 faiz təşkil edib. İdxal artımı da zəifləyib. Apreldə idxal 5,8 faiz azalıb, yığım üzrə artım isə 2,5 faizə qədər enib”, - deyə məlumatda bildirilib.

Fond hesab edir ki, bu vəziyyət əvvəlki aylarda müşahidə olunan bərpa prosesinin davamlı olmadığını göstərir.

“Xarici ticarət əsasən ayrı-ayrı məhsul qrupları və reeksport amillərindən asılı olaraq qalır”, - deyə hesabatda qeyd olunub.

“Luys” Fondu qeyd edib ki, inflyasiya mühiti daha narahatedici xarakter almağa başlayıb.

“2026-cı ilin aprel ayında 12 aylıq inflyasiya 5,3 faizə çatıb. Mart ayında bu göstərici 4,5 faiz idi. İnflyasiyanın sürətlənməsi əsasən ərzaq məhsulları və nəqliyyat xidmətlərinin bahalaşması ilə bağlıdır”, - deyə hesabatda vurğulanıb.

Məlumatda bildirilib ki, Ermənistan Mərkəzi Bankı mayın əvvəlində yenidən maliyyələşdirmə faiz dərəcəsini 6,5 faiz səviyyəsində saxlayıb və pul-kredit siyasətini sərtləşdirməyib.

Fond dövlət büdcəsində gəlirlərin artdığını, lakin xərclərin strukturunun narahatlıq yaratdığını da qeyd edib. “2026-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinin ümumi gəlirləri 13,7 faiz, vergi gəlirləri isə 14,4 faiz artıb. Lakin ümumi xərclərin 7,6 faizlik artımı əsasən cari xərclərin 14,7 faiz artması hesabına formalaşıb, kapital xərcləri isə 41,3 faiz azalıb”, - deyə hesabatda bildirilib.

Fondun qənaətinə görə, bu vəziyyət büdcə siyasətində cari xərclərin üstünlük təşkil etdiyini, kapital xərclərinin isə iqtisadi artımın keyfiyyətini və uzunmüddətli potensialını artırmaq funksiyasını tam yerinə yetirmədiyini göstərir.

Hesabatda tikinti sektorunda yüksək artım tempinin və kreditləşmənin daxili tələbi dəstəklədiyi, lakin eyni zamanda makroiqtisadi riskləri artırdığı da qeyd olunub.

“Tikinti sektorunda yığım artımı yanvar-aprel aylarında 22,9 faizə çatıb, tikinti sahəsinə verilən kreditlərin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz artıb. Tikinti sahəsindəki yüksək artım və kreditləşmənin genişlənməsi daşınmaz əmlak bazarında tələb və qiymət dinamikası baxımından əlavə risklər yarada bilər”, - deyə hesabatda vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ticarət  


Bizi "telegram"da izləyin