“Hakimiyyət dəyişikliyindən sonra Paşinyanın şifahi və yazılı razılaşmaları audit edilməlidir” - Köçəryan

2026/05/1779026613.jpg
Oxunub: 339     13:18     27 May 2026    
“Hakimiyyət dəyişikliyindən sonra ilk növbədə Nikol Paşinyanın əldə etdiyi bütün razılaşmalar araşdırılmalıdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan Mehridə bir sıra media qurumlarına verdiyi müsahibədə deyib.

O, həmçinin son 100 ildə artıq üçüncü dəfə delimitasiya və demarkasiya aparılmasının nə dərəcədə məntiqli olması ilə bağlı suala cavab verib.

“Belə görünürdü ki, 2018-ci ildə hakimiyyətə ən şəffaf qüvvə gəlib, amma məlum oldu ki, bu, ən qapalı hakimiyyətdir, bir şey deyirlər, başqa şey edirlər. Anlamaq lazımdır ki, hansı razılaşmalar var, yazılı, yoxsa şifahi razılaşmaladır? Nə ilə qarşı-qarşıya olduğumuzu başa düşməliyik”, - deyə Köçəryan bildirib.

Sərhədlərin müəyyənləşdirilməsi məsələsinə toxunan keçmiş erməni prezident vurğulayıb ki, danışıqlar hər kvadratmetr uğrunda aparılmalıdır.

“Ermənistan göstərdi ki, mübahisəli və ya mübahisəsiz olmasından asılı olmayaraq bütün məsələlərdə güzəştə getməyə hazırdır. Xatırlayırsınızsa, ilk mərhələdə GPS vasitəsilə hansısa anlaşılmaz proseslər gedirdi. Proses tənzimlənməmişdi, hüquqi sənədlər tətbiq olunmurdu, qanuni heç nə yox idi. Vəziyyəti qiymətləndirmək və öz maraqlarını qorumaq lazımdır”, - deyə erməni siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, sərhədlərin müəyyənləşdirilməsi prosesi münaqişə xarakteri daşımamalıdır.

“Məsələn, Gürcüstanla bu proses bir neçə il davam edib. Onlar isə deyirlər ki, torpaq uğrunda mübarizə aparmağa başlayan kimi müharibə yaradırsan. Bəs torpağı başqa necə qorumaq olar? Güclü mövqelərdən, xəritələr və sənədlərlə danışıqlar aparmaqla”, - deyə Köçəryan qeyd edib.

Köçəryan qeyd edib ki, Nikol Paşinyan torpaq verməyə hazırdır.

“Bu onun torpağı deyil. Onun torpağa münasibəti “bizə üzərində 9 ay qar olan zirvə lazım deyil” açıqlamasında özünü göstərdi”, - deyə keçmiş erməni prezident bildirib.

O qeyd edib ki, bu məntiqlə Rusiya Prezidenti ölkənin bütün şimal hissəsini təhvil verməli idi.

“Paşinyan bunu istəmədən dilə gətirdi və həmin açıqlama bizə onun torpağa münasibətini göstərdi. Dövlət rəhbəri kimi onda torpaq sahibi hissi yoxdur. Söhbət şəxsi münasibətdən getmir, onda dövlət suverenliyi hissi yoxdur. Əgər olsaydı, heç vaxt belə söz deməzdi. O, sadəcə şüuraltında olanı səsləndirdi”, - deyə Köçəryan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin