Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və baş nazir postuna namizəd Robert Köçəryan Armavir şəhərində “Hayastan” blokunun sakinlərlə görüşü zamanı deyib.
Köçəryan bildirib ki, normal dövlətdə adekvat və balanslı liderin hakimiyyətdə olması sabitliyin təminatıdır, lakin hazırkı hakimiyyət Ermənistanı “hüquqi xaos” vəziyyətinə gətirib çıxarıb.
Onun sözlərinə görə, sosial şəbəkələrdə bir “like”a görə insanların işdən çıxarıldığı, müxalif fikirlərə görə təqiblərin həyata keçirildiyi bir şərait formalaşıb.
Ermənistanın ikinci prezidenti “Gallup” sorğularının nəticələrinə də münasibət bildirib və qeyd edib ki, ölkədə qorxu və dinləmə mühiti hökm sürdüyü üçün insanlar real siyasi baxışlarını açıq ifadə etməkdən çəkinirlər.
“Məktəb, uşaq bağçası və dövlət qurumlarında çalışan insanlar müxalif fikirlərini səsləndirməkdən qorxurlar. Bu cür metodların sosiologiya ilə heç bir əlaqəsi yoxdur”, - deyə Köçəryan bildirib.
O əlavə edib ki, müxalifət nümayəndələrinə qarşı cinayət işləri və ev dustaqlıqları müstəqil Ermənistan tarixində görünməmiş həddə çatıb.
Köçəryan Avropa rəsmilərini də tənqid edərək onların Ermənistan hakimiyyətinin “avtoritar davranışlarına” göz yumduğunu bildirib.
Sabiq erməni prezident Nikol Paşinyanın müharibədən sağ qalan hərbçilər və “Qarabağ elitası” ilə bağlı son açıqlamalarına da sərt reaksiya verib.
Köçəryan vurğulayıb ki, məhz Paşinyan və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası döyüşsüz şəkildə 200 kvadrat kilometrdən artıq ərazini Azərbaycana təhvil verib.
“Əgər hakimiyyətin məntiqi ilə yanaşsaq, onda cəmiyyətin Paşinyandan soruşmağa tam haqqı var ki, niyə özü və tərəfdarları ön cəbhəyə gedib həmin torpaqlar uğrunda ölmədilər, əvəzində başqalarının övladlarını ölümə göndərdilər?”, - deyə o qeyd edib.
Köçəryan çıxışı zamanı Paşinyana qarşı ağır ittihamlar səsləndirib.
“Paşinyan seriyalı qatildir. O, özünü satqın adlandırmamaq üçün minlərlə insanın qurban verilməsinə səbəb olub. Onun öz sözlərinə görə, Qarabağ artıq Azərbaycan ərazisi idi. Baş verənlərin əsas günahkarı və məsul şəxsi Nikol Paşinyandır”, - deyə Ermənistanın ikinci prezidenti bildirib.
Köçəryan əlavə edib ki, Paşinyan əvvəlcə 10 noyabr kapitulyasiya aktını 25 min əsgərin həyatını xilas etməklə əsaslandırırdı, indi isə insanlara sağ qaldıqları üçün irad tutur.
Sonda o, Armavir sakinlərini təzyiqlərə boyun əyməməyə və iyunun 7-də keçiriləcək seçkilərdə “Hayastan” blokuna səs verməyə çağırıb.
Alpər Mövludoğlu
Ordu.az