Rusiya TŞ: Ermənistan bu gün faktiki olaraq Ukraynanın 2013-2014-cü illərdə keçdiyi yolu təkrarlayır

2026/06/1780636674.jpg
Oxunub: 220     09:17     05 İyun 2026    
Rusiya Təhlükəsizlik Şurası Ermənistanın son illərdə həyata keçirdiyi siyasi kursun Ukraynanın 2013-2014-cü illərdəki inkişaf ssenarisinə bənzədiyini iddia edib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Vesti” telekanalına müsahibəsində danışıb.

Şevtsov bildirib ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Belarus Prezidenti Aleksandr Lukaşenko son vaxtlar Ermənistanın Ukraynanın 2013-2014-cü illərdə keçdiyi yolu təkrarladığını vurğulayıblar.

“Bu yaxınlarda həm Vladimir Vladimiroviç Putin, həm də Aleksandr Qriqoryeviç Lukaşenko Ermənistanın mahiyyət etibarilə Ukraynanın 2013-2014-cü illərdəki təcrübəsini təkrarladığını söyləyiblər. Bu məsələ üzərində ciddi düşünmək lazımdır ki, Ukraynada baş verənlər Ermənistanın da başına gəlməsin”, - deyə Şevtsov bildirib.

Rusiya Təhlükəsizlik Şurası rəsmisinin sözlərinə görə, Ermənistanın xarici siyasət kursunda baş verən dəyişikliklər və Qərblə yaxınlaşma meylləri region üçün əlavə risklər yarada bilər.

Şevtsovun açıqlaması Moskvanın son aylarda İrəvanın xarici siyasət istiqaməti ilə bağlı səsləndirdiyi narahatlıqların davamı kimi qiymətləndirilir. Rusiya rəsmiləri mütəmadi olaraq Ermənistanın Qərbə inteqrasiya siyasətinin ölkəni Ukraynaya bənzər geosiyasi qarşıdurma meydanına çevirə biləcəyi barədə xəbərdarlıqlar edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin