Paşinyan və Tatoyan müharibələrdə ölənlərin sayı ilə bağlı fərqli rəqəmlər açıqlayıblar

2026/06/1780636184.jpg
Oxunub: 297     09:05     05 İyun 2026    
Ermənistanda seçkiqabağı debatlar zamanı 44 günlük müharibə və sonrakı dövrdə ölənlərin sayı ilə bağlı hakimiyyət və müxalifət arasında növbəti fikir ayrılığı yaranıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistanın baş naziri və “Vətəndaş Müqaviləsi” partiyasının lideri Nikol Paşinyan İctimai Televiziyanın efirində keçirilən seçki debatları zamanı bildirib ki, 44 günlük müharibə zamanı 3755 hərbçi ölüb və bu, rəsmi statistikadır.

Paşinyanın sözlərinə görə, 2018-ci ildən indiyədək döyüş əməliyyatları nəticəsində ümumilikdə 4273 nəfər, o cümlədən mülki şəxslər həyatını itirib.

Lakin Ermənistanın sabiq insan hüquqları müdafiəçisi, “Birliyin Qanadları” partiyasının lideri Armen Tatoyan bu rəqəmlərlə razılaşmayıb. O, çıxışında müharibələr və hərbi əməliyyatlar nəticəsində ölənlərin sayının 4991 nəfər olduğunu bildirib və hakimiyyətin təqdim etdiyi statistikanın reallığı tam əks etdirmədiyini vurğulayıb.

Debatlar zamanı Nikol Paşinyan Qarabağ məsələsinə də toxunub. O, vaxtilə səsləndirdiyi “Qarabağ Ermənistandır, vəssalam” bəyanatını xatırladaraq bildirib ki, bu ifadə onun 1988-ci ildən etibarən “Qarabağ hərəkatı”na (erməni separatizmi-red.) bağlılığını göstərirdi.

“Bu, mənim həmin ideyalara sadiqliyimi göstərirdi. Lakin siyasi liderin vəzifəsi yalnız keçmiş şüarları təkrarlamaq deyil, həm də “Qarabağ hərəkatı”nın yaratdığı tələdən çıxış yollarını görmək və bunun üçün siyasi iradə nümayiş etdirməkdir”, - deyə Paşinyan bildirib.

Ermənistan baş naziri qeyd edib ki, hakimiyyət yeni Konstitusiyanın qəbulunu gündəmdə saxlayır və həmin sənəddə Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır.

“Əgər yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad qalarsa, bu o demək olacaq ki, “Qarabağ hərəkatı” davam edir. Biz isə yeni siyasi reallıqlara uyğun dövlət quruculuğu konsepsiyası üzərində işləyirik”, - deyə Paşinyan vurğulayıb.

Onun bu açıqlamaları Ermənistan cəmiyyətində və siyasi dairələrdə yeni müzakirələrə səbəb olub. Müxalifət qüvvələri hesab edir ki, hakimiyyət Qarabağ məsələsindən uzaqlaşmağa çalışır, hökumət isə bunu regional reallıqlara uyğunlaşma siyasəti kimi təqdim edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Tatoyan  


Bizi "telegram"da izləyin