Ordu.az xəbər verir ki, bu barədə Rubio ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı danışıb.
O qeyd edib ki, Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması Türkiyənin proqramdan çıxarılmasının əsas səbəbi olub.
Məsələ ABŞ Konqresinin üzvü Dina Titusun ABŞ-nin Ankaradakı səfiri Tom Barrakın Türkiyə ilə müdafiə əlaqələrinə dair son açıqlamalarını tənqid etməsindən sonra gündəmə gəlib.
Titus həmin açıqlamaların ABŞ qanunlarına və uzun illərdir həyata keçirilən ABŞ siyasətinə uyğun olmadığını bildirib.
Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, Titus Rubiodan birbaşa Türkiyənin F-16 və ya F-35 döyüş təyyarələri əldə edib-edə bilməyəcəyini soruşub.
Rubio cavabında Türkiyənin əvvəlcə F-35 proqramının tərəfdaşlarından biri olduğunu xatırladaraq, Rusiyadan alınmış S-400 sistemlərindən sonra proqramdan çıxarıldığını vurğulayıb.
“Onların F-35-ləri ala bilməmələrinin səbəbi Rusiyadan ‘S-400’ sistemi satın almalarıdır”, - deyə Rubio bildirib.
Dina Titus Türkiyənin hələ də S-400 sistemlərini inventarında saxladığını və buna görə sanksiyaların qüvvədə qaldığını qeyd etdikdən sonra Rubio administrasiyanın bu məsələ ilə bağlı təkbaşına qərar vermək səlahiyyətinə malik olmadığını deyib.
“Bildiyiniz kimi, bu məsələ qanunlarla müəyyən olunub. Hazırda belə bir seçimimiz yoxdur, çünki bu həm NDAA müddəaları, həm də digər qanunlarla tənzimlənir”, - deyə ABŞ dövlət katibi vurğulayıb.
Qeyd edək ki, Türkiyə 2002-ci ildə F-35 Birgə Zərbə Təyyarəsi Proqramına qoşulmuş və proqramın əsas tərəfdaşlarından birinə çevrilmişdi. Türkiyə müdafiə sənayesi şirkətləri də təyyarənin müxtəlif kritik hissələrinin istehsalında iştirak edirdi.
Lakin Ankaranın 2017-ci ildə Rusiya ilə S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına dair müqaviləni yekunlaşdırmasından sonra Vaşinqtonla münasibətlərdə gərginlik yaranıb. ABŞ administrasiyası 2019-cu ildə Türkiyənin F-35 proqramındakı iştirakını dayandırıb, daha sonra isə ölkəni proqramdan tamamilə çıxarıb.
Sevinc Əliyeva
Ordu.az