ABŞ Kuba prezidentinə qarşı sanksiyalar tətbiq edib

2026/06/1780636402.jpg
Oxunub: 197     09:12     05 İyun 2026    
ABŞ Kuba Prezidenti Migel Dias-Kanelə və ölkə rəhbərliyinin bir sıra yüksəkvəzifəli nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Məlumatı “Associated Press” agentliyi də təsdiqləyib.

Yeni məhdudiyyətlər Donald Tramp administrasiyasının Havanaya qarşı təzyiqləri artırmaq istiqamətində atdığı növbəti addım hesab olunur.

Bundan əvvəl Tramp Kuba əleyhinə sanksiya rejiminin genişləndirilməsi ilə bağlı fərman imzalamışdı. Sənəd Kuba hakimiyyəti, dövlət qurumları və onlarla əlaqəli təşkilatların nümayəndələrinə qarşı əlavə tədbirlərin görülməsini nəzərdə tutur.

Sanksiyalar yalnız Migel Dias-Kaneli deyil, onun yaxın ətrafını və Kuba rəhbərliyinin bəzi ailə üzvlərini də əhatə edib. Onların arasında ölkənin keçmiş rəhbəri Raul Kastronun oğlu Alexandro Kastro Espin də yer alır.

Vaşinqton Kuba hakimiyyətini repressiyalar, korrupsiya və ABŞ-nin milli təhlükəsizlik maraqlarına zidd fəaliyyət göstərməkdə ittiham etməyə davam edir.

Fəaliyyətdə olan dövlət başçısına qarşı sanksiya tətbiq edilməsi nadir hallarda baş versə də, bu, ABŞ praktikasında ilk belə hadisə deyil. Müxtəlif illərdə Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir, Zimbabvenin keçmiş prezidenti Robert Muqabe, həmçinin Venesuela Prezidenti Nikolas Maduro və onun ailə üzvləri də ABŞ sanksiyalarına məruz qalıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kuba  


Bizi "telegram"da izləyin