ABŞ ordusu 117 milyon dollarlıq P550 PUA-sı sifariş edib

2026/06/1780592003.jpg
Oxunub: 207     20:53     04 İyun 2026    
ABŞ ordusu kəşfiyyat, müşahidə və hədəf aşkarlama imkanlarını artırmaq məqsədilə “AeroVironment” şirkəti ilə 82 ədəd P550 uzaqmənzilli kəşfiyyat pilotsuz uçuş aparatının tədarükünə dair 117,3 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilə müasir müharibələrdən çıxarılan nəticələr əsasında döyüş bölmələrində pilotsuz uçuş aparatlarının sayının artırılması proqramının mühüm hissəsi hesab olunur.

P550 sistemlərinin birbaşa sahədə fəaliyyət göstərən bölmə komandirlərinin nəzarətinə verilməsi ilə kəşfiyyat və müşahidə tapşırıqlarında yüksək komandanlığın aviasiya vasitələrindən asılılığın azaldılması planlaşdırılır.

Beləliklə, bölmələr öz hava kəşfiyyatı imkanlarına sahib olacaq. Bu müqavilə P550 pilotsuz uçuş aparatlarının 2025-ci ilin avqustunda ABŞ ordusuna ilk çatdırılmasından sonra verilən ilk iri seriyalı istehsal sifarişidir.

Sistemlərin 2026-cı il iyulun 23-dək təhvil verilməsi nəzərdə tutulur. ABŞ ordusu 2025-ci ilin avqustunda Uzun Mənzilli Kəşfiyyat (LRR) proqramı çərçivəsində “AeroVironment” şirkətinin P550 platformasını və “Edge Autonomy” tərəfindən hazırlanan “Stalker Block 35X” sistemini seçmişdi.

Ordu yalnız bir qalib müəyyən etmək əvəzinə, müxtəlif sistemləri eyni vaxtda istifadəyə verərək onları real əməliyyat şəraitində müqayisə etməyə üstünlük verib. P550 ABŞ Müharibə Nazirliyinin “Qrup 2” kateqoriyalı pilotsuz uçuş aparatları sinfinə daxildir.

Maksimum uçuş kütləsi 24,9 kiloqram olan platforma “Qrup 2” və “Qrup 3” arasında müəyyən edilən 25 kiloqramlıq həddən bir qədər aşağıda yerləşir. Təxminən 2,8 metr uzunluğa və 5,2 metr qanad açılımına malik olan sistem daşınan modullara ayrılır, HMMWV və JLTV kimi taktiki nəqliyyat vasitələri ilə daşına bilir.

Şirkətin məlumatına görə, hərbçilər xüsusi alətlərdən istifadə etmədən sistemi 10 dəqiqədən az müddətdə quraşdıraraq istifadəyə hazırlaya bilirlər. Şaquli qalxma və enmə (VTOL) imkanına malik olan aparat uçuş-eniş zolağına və ya katapult sistemlərinə ehtiyac olmadan ön xəttə yaxın ərazilərdə fəaliyyət göstərə bilir.

Sistem bir operator tərəfindən idarə olunur. P550 yalnız batareya enerjisi ilə 5 saata qədər havada qala və eyni vaxtda 6,8 kiloqram faydalı yük daşıya bilir. Bu xüsusiyyət quru qoşunlarına uzun müddət fasiləsiz kəşfiyyat və müşahidə aparmağa imkan verir.

PUA 30-52 düyün sürət intervalında fəaliyyət göstərə bilir. Rabitə məsafəsi standart konfiqurasiyada 40 kilometrə, inkişaf etdirilmiş rəqəmsal məlumat ötürmə sistemləri ilə isə 60 kilometrə qədər çatır.

Maksimum uçuş hündürlüyü təxminən 14 min fut olan aparat 10 min fut yüksəklikdə yerləşən ərazilərdən havaya qalxa bilir. P550-nin ön hissəsində yerləşən missiya modulu beş dəqiqədən az müddətdə dəyişdirilə bilir.

Bu imkan sayəsində platforma kəşfiyyat-müşahidə, rabitə relesi, radioelektron mübarizə, hədəfləmə və dəqiq zərbə tapşırıqları arasında sürətlə uyğunlaşdırılır. Modul Açıq Sistem Arxitekturası (MOSA) əsasında hazırlanan platforma üçüncü tərəf sensorlarının, məlumat ötürmə sistemlərinin, radiostansiyaların və proqram təminatlarının inteqrasiyasına imkan verir.

“AeroVironment” indiyədək kəşfiyyat, müşahidə və məlumat toplama (ISR), rabitə retranslyasiyası, radioelektron mübarizə və dəqiq sursat daşıyan müxtəlif konfiqurasiyaları uğurla sınaqdan keçirib. Bu sistemlər arasında “L3Harris” və “Corvid Technologies” tərəfindən hazırlanmış “Shryke” dəqiq idarə olunan sursatının inteqrasiyası da yer alır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA   P550  


Bizi "telegram"da izləyin