Ordu.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin sərt bəyanatlarına münasibət bildirərkən deyib.
Mirzoyan Medvedev barədə danışarkən qeyd edib ki, həmin rusiyalı siyasətçi vaxtaşırı müxtəlif şəxslərə qarşı bu cür danışıq tərzi sərgiləyir.
“Ümumiyyətlə, Ermənistan və Rusiya arasındakı münasibətlərə gəldikdə isə, bütün münasibətlərdə problemlər olur və biz əlavə gərginlik yaratmaq niyyətində deyilik”, - deyə o bildirib.
Ermənistan XİN başçısı qeyd edib ki, ərik ixracı, şərab və araq idxalı kimi problemlər əvvəllər də mövcud olub.
“Biz bunu tərəfdaşlarımızla konstruktiv və sağlam mühitdə müzakirə edəcəyik və ümid edirəm ki, yaxşı həll yolları tapılacaq”, - deyə Mirzoyan vurğulayıb.
O qeyd edib ki, Ermənistan öz suveren qərarlarını qəbul edir və Rusiya ilə normal tərəfdaşlıq münasibətlərinin saxlanılmasında maraqlıdır.
Mirzoyan, həmçinin Sergey Lavrovun Avropa İttifaqının “Ermənistandan Rusiyaya qarşı istifadə etdiyi” barədə fikirlərini təkzib edib.
“Biz dəfələrlə bəyan etmişik ki, müxtəlif ölkələrlə, o cümlədən strateji tərəfdaşlıq münasibətləri qururuq və heç bir münasibət üçüncü tərəfə qarşı yönəlməyib. Bu, həm ABŞ ilə strateji tərəfdaşlığa, həm də Avropa İttifaqı ilə strateji gündəm çərçivəsində əməkdaşlığa aiddir”, - deyə Ermənistan XİN rəhbəri bildirib.
Mirzoyan qeyd edib ki, əməkdaşlıq rəqəmsal gündəmlər, süni zəka, kibercinayətkarlıqla mübarizə, iqtisadi əlaqələrin inkişafı və demokratik institutların gücləndirilməsi kimi sahələri əhatə edir.
“Əgər bu, rus tərəfdaşlarımızın xoşuna gəlmirsə, mənim üçün bunun səbəbini anlamaq çətindir”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az