300 min azərbaycanlı məsələsi Ermənistan debatlarında gərgin müzakirələrə səbəb olub

2026/06/1780636768.jpg
Oxunub: 300     09:20     05 İyun 2026    
Ermənistanda keçirilən seçki debatlarında azərbaycanlıların qayıdışı mövzusu ətrafında sərt polemika yaşanıb. Müxalif siyasətçilər bu məsələni guya “ölkənin təhlükəsizliyi və gələcəyi baxımından əsas təhdidlərdən biri” kimi təqdim ediblər.

Ordu.az xəbər verir ki, “Güclü Ermənistan” partiyalar blokunun lideri Narek Karapetyan İctimai Televiziyanın efirində keçirilən debat zamanı Azərbaycanın məqsədinin Ermənistan ərazisində azərbaycanlıların məskunlaşdırılması olduğunu iddia edib.

Karapetyanın sözlərinə görə, regionda mümkün sülh iki fərqli formada ola bilər və bunlardan biri Ermənistan üçün ciddi risklər yaradır.

“Sülhün iki növü var: zəif sülh və güclü sülh. Zəif sülh isə azərbaycanlılarla müşayiət olunan sülhdür. Bu gün bizə təqdim edilən ssenari məhz budur”, - deyə o bildirib.

Debatlar zamanı Ermənistanın keçmiş insan hüquqları müdafiəçisi Armen Tatoyan da mövzuya qoşularaq Karapetyandan təhlükəsizlik məsələlərinə dair daha ətraflı izahat istəyib.

Karapetyan cavabında bildirib ki, Bakı müxtəlif platformalarda yüz minlərlə azərbaycanlının qayıdışı məsələsini gündəmdə saxlayır.

Tatoyan isə bu məsələnin yalnız rəqəmlərlə bağlı olmadığını iddia edib.

“Məsələ 300 min nəfər rəqəmində deyil”, - deyə o bildirib.

Tatoyan daha sonra Nikol Paşinyanın ritorikası ilə Azərbaycanın mövqeyi arasında ciddi ziddiyyət görmədiyini bildirib.

“Azərbaycan tərəfindən tez-tez səsləndirilir ki, burada heç vaxt erməni dövləti olmayıb və ermənilər bu torpaqlarda yaşamayıblar”, - deyə Tatoyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Debat  


Bizi "telegram"da izləyin