Ordu.az xəbər verir ki, bu barədə “Fararu” məlumat yayıb.
Onun sözlərinə görə, son hadisələr ölkəyə qarşı xarici təzyiq və sabitliyi pozmaq cəhdlərinin uğursuzluğunu göstərib, həmçinin “İranın mövqelərinin möhkəmlənməsinin yeni mərhələsini” ortaya qoyub.
Hacıbabayi vurğulayıb ki, Tehranın strateji xətti dəyişməz olaraq qalır: “Nə kompromis, nə də kapitulyasiya, ABŞ-yə qarşı müqavimət”. Hacıbabayi bildirib ki, xarici qüvvələr guya İranı parçalamağa və ölkə daxilində qarşıdurma yaratmağa çalışıblar, lakin bu planlar həyata keçməyib.
O həmçinin iddia edib ki, İran əleyhinə çoxsaylı ölkələrin iştirakı ilə koordinasiyalı kampaniya aparılıb və bu kampaniya siyasi, informasiya və hərbi təzyiqləri əhatə edib.
Çıxışı zamanı o, İranın regiondakı müttəfiqlərinin, o cümlədən İraq, Livan və Yəməndəki silahlı qruplaşmaların rolunu ayrıca qeyd edib və onların dəstəyinin xarici təzyiqə qarşı müqavimətdə mühüm rol oynadığını bildirib.
Hacıbabayi Hörmüz boğazındakı vəziyyəti şərh edərkən qeyd edib ki, bu strateji dəniz marşrutu “faktiki olaraq İranın nəzarəti altındadır” və Tehranın razılığı olmadan heç bir gəmi oradan keçə bilməz.
O əlavə edib ki, neft ixracına təzyiq göstərmək cəhdləri məqsədinə çatmayıb.
Hacıbabayi daxili gündəmə də toxunub, iqtisadi problemlər və qiymət artımları ilə bağlı məsələləri qeyd edərək hakimiyyətin korrupsiya və möhtəkirliyə qarşı mübarizəni sərtləşdirmək niyyətində olduğunu bildirib.
Sonda o, ABŞ-yə qarşı bir sıra siyasi tələblər irəli sürüb. Bunlara sanksiyaların ləğvi və ABŞ qüvvələrinin regiondan çıxarılması daxildir. O həmçinin Vaşinqtona qarşı beynəlxalq təzyiqin artırılmasının vacibliyini vurğulayıb.
Hacıbabayi ABŞ ünvanına bir sıra sərt ittihamlar da səsləndirib və İranın regionda və dünyada mövqeyini gücləndirmək kursunu davam etdirəcəyini bildirib.
Sevinc Əliyeva
Ordu.az