
Mərasimə qatılan 18 şəhid ailə üzvünün adları aşağıdakılardır:
Şəhid Aşur Cəmiyevin həyat yoldaşı baş-leytenant Yeganə Cəmiyeva və övladları, şəhid Fərid Mehbalının həyat yoldaşı leytenant Gülnar Mehbalı və 2 övladı, şəhid Məhəmməd Ələkbərovun həyat yoldaşı baş gizir Kövsər Ələkbərova, 2 övladı və anası, şəhid Fərid Rüstəmovun həyat yoldaşı Aynur Rüstəmova, 2 övladı və atası, şəhid Elməddin Nəsibovun həyat yoldaşı gizir Gülnar Nəsibova, şəhid Şəmistan Sadıqovun həyat yoldaşı gizir Səbinə Sadıqova və şəhid Habil Əbdurəhmanlının qardaşı leytenant Sabit Əbdurəhmanlı mərasimə qatılaraq DSX rəisi və müavinləri ilə yan-yana əyləşdi.

Şəhidlərin həyat yoldaşlarının bir qisminin hərbi rütbə daşıması – aralarında baş-leytenant, leytenant və baş gizir rütbəli xanımların olması diqqəti ayrıca çəkdi. Bu ailələr həm şəhid ağrısını, həm də Vətənə xidməti eyni vaxtda yaşayan insanlardır.
Açılış mərasimində Beynəlxalq Çövkən Federasiyasının baş katibi Maçiek Miçel Olbriç çempionatın keçirilməsinə ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti general-leytenant Cavid Abdullayev isə çövkənin UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin əhəmiyyətini vurğuladı və bu uğurda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını ifadə etdi.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa, Çili, Uruqvay, Küveyt, Niger və Nigeriyanın milli komandalarının iştirak etdiyi çempionat iyunun 13-dək davam edəcək.
Ordu.az