SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi başa çatıb

2026/05/1778347159.jpg
Oxunub: 563     21:17     09 May 2026    
Türkiyə müdafiə sənayesinin gəldiyi son nöqtəni nümayiş etdirən SAHA 2026 sərgisi 150 mindən çox ziyarətçi, 75-dən artıq ölkə nümayəndə heyəti və təxminən 8 milyard dollarlıq xarici ixrac müqaviləsi ilə yekunlaşıb.

Ordu.az xəbər verir ki, Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmos sənayesi klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi başa çatıb.

“Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu sərginin bağlanış toplantısı “SAHA İstanbul” sədrinin müavini və ROKETSAN-ın baş direktoru Murat İkinci, ASELSAN-ın baş direktoru Ahmet Akyol, “Makine ve Kimya Endüstrisi”nin (MKE) baş direktoru İlhami Keleş, TEI-nin baş direktoru Mahmut Faruk Akşit, TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu və “SAHA İstanbul”un baş katibi Levent Kerim Uçanın iştirakı ilə keçirilib. Toplantıda sərginin sektora töhfələri və əldə olunan statistik göstəricilər paylaşılıb.

Murat İkinci çıxışında bildirib ki, təşkilat bu il rekord göstəricilərə imza atıb və sərgiyə göstərilən böyük marağa diqqət çəkib.

İkinci qeyd edib ki, SAHA 2026 400 min kvadratmetr qapalı sahədə keçirilib.

“150 mindən çox ziyarətçimiz SAHA 2026-nı ziyarət edib və bu rəqəm artmaqda davam edir. Bununla yanaşı, təxminən 8 milyard dollarlıq xarici ixrac layihələrinin də imzalanması həyata keçirilib. Bu, əvvəlki SAHA sərgisi ilə müqayisədə daha yüksək göstəricidir. Əslində bu, Türkiyə müdafiə sənayesinin inkişaf tempinin, irəliləyişinin və xaricdən olan marağın ən aydın göstəricilərindən biridir. Çoxsaylı ölkələrin iştirakı ilə keçirilən SAHA 2026-da 75-dən artıq ölkənin nümayəndə heyətini qəbul etdik”, - deyə o bildirib.

Türkiyə müdafiə sənayesi şirkətləri tərəfindən 200-dən çox yeni məhsulun təqdim edilməsinin sərginin ən mühüm uğur göstəricilərindən biri olduğunu vurğulayan İkinci qeyd edib ki, təşkilat Türkiyə sənayesinin yüksək motivasiyalı və innovativ strukturunu beynəlxalq səviyyədə sübut edib.

“Embarqo tətbiq edən ölkələr əməkdaşlıq üçün SAHA-da idi”

ASELSAN-ın baş direktoru Ahmet Akyol da indiyə qədər ən yüksək iştirakçılı SAHA sərgisini başa vurduqlarını bildirərək, xüsusilə Avropa yönümlü ziyarətçilərin çoxluğuna diqqət çəkib.

Akyol qeyd edib ki, Türkiyənin müdafiə sənayesi gücü ilə Avropanın təhlükəsizliyi üçün kritik mövqedə olduğu sərgidə aparılan təmaslarda bir daha özünü göstərib.

“Artıq müdafiə sənayesində izlənilən, trend müəyyən edən ölkəyik. Bu sərgi də bunun göstəricisi oldu. Bütün dünya “Türkiyə nə edib, Türkiyədə nələr edilir?” deyə izləmək üçün buradadır. Bu da mühüm məsələ idi. Daha əvvəl müxtəlif səbəblərlə bizə qarşı embarqo da daxil olmaqla bir çox problem yaradan ölkələrin bu gün “birlikdə nə edə bilərik?” deyə buraya gəlməsi çatdığımız nöqtəni, Türkiyənin gücünü və xalqımızın gücünü təsdiqləyən amil oldu. Bütün bu xüsusiyyətləri ilə həqiqətən böyük, uğurlu, faydalı və məhsuldar sərgi oldu. Türkiyə müdafiə sənayesi xalqın dəstəyi və dövlət rəhbərliyinin liderliyi ilə dünyada iz qoymağa, yeniliklərlə yoluna davam etməyə və bütün bu uğurları qorumağa davam edəcək”, - deyə o bildirib.

Sərgidə 55 xarici nazir və nazir müavini qəbul olunub

MKE-nin baş direktoru İlhami Keleş isə SAHA 2026-nın 2015-ci ildə 5 min kvadratmetrlik sahə ilə başladığını xatırladaraq, gəlinən nöqtənin heyrətamiz ölçülərə çatdığını bildirib.

Dünyanın bir çox yerində keçirilən sərgilərdə iştirak etdiklərini, lakin heç birində bu atmosferi görmədiklərini deyən Keleş bildirib: “Bu sərgidə 55 xarici nazir və ya nazir müavinini qəbul etdik. Belə maraq heç bir sərgidə olmur. Türkiyənin beynəlxalq mövqeyi, Türkiyə müdafiə sənayesinin sürətli inkişafı və xüsusilə texnologiya transferində müştəri-satıcı münasibətindən daha çox tərəfdaşlığa yönəlmiş ticarət xarakteri ciddi maraq doğurur”.

Təchizat zənciri üçün 30 minə yaxın B2B görüş

TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu isə sərginin vitrin tərəfi ilə yanaşı, arxa planda aparılan strateji görüşlərə diqqət çəkib.

Kiçik və orta biznes subyektlərini və təchizat zəncirini təşkil edən şirkətləri bir araya gətirərək həllər hazırlamağın SAHA-nın əsas xüsusiyyətlərindən biri olduğunu bildirən Demiroğlu bunları deyib:

“SAHA-nın səssiz keçən bir tərəfi də var idi, o da təxminən 30 minə yaxın B2B görüş idi. Təxminən 30 min görüş. SAHA-nın xüsusiyyəti də budur: kiçik və orta biznes subyektlərini, təchizat zəncirini təşkil edən şirkətləri bir araya gətirərək mövcud problemləri və gələcək planları müzakirə etmək və onlara həll yolları təqdim etmək. SAHA bunun uğurla həyata keçirildiyini nümayiş etdirdi. Təxminən 30 min görüş də bunun göstəricisidir”.

Beynəlxalq mühərrik satışları və yeni əməkdaşlıqlar

TEI-nin baş direktoru Mahmut Faruk Akşit isə sərginin əməkdaşlıq, satış və təchizat zənciri baxımından son dərəcə məhsuldar keçdiyini vurğulayıb.

Akşit sərgidə 3 satış müqaviləsinə imza atdıqlarını, bunlardan birinin xaricə və ciddi həcmdə satışları əhatə etdiyini bildirib: “Bunların içində mühərrik satışları da var. Bir beynəlxalq qurumla əməkdaşlıq müqaviləsi imzaladıq”.

Növbəti görüş 2028-ci il mayın 16-20-də keçiriləcək

“SAHA İstanbul”un baş katibi Levent Kerim Uça isə 2018-ci ildə başlayan yolun 5-ci təşkilatını geridə qoyduqlarını bildirərək, hər sərgidə keyfiyyət və kəmiyyət baxımından daha da inkişaf etdiklərini qeyd edib.

Uça müdafiə sənayesinin inkişafına paralel olaraq böyüyən təşkilatın növbəti mərhələsinin 2028-ci il mayın 16-20-də keçiriləcəyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA-2026   Türkiyə  


Bizi "telegram"da izləyin