TEI milli mühərrik layihələrində kritik həddi keçir: TF6000 uçuşa hazırlanır, TF10000 üçün geri sayım başlayıb

2026/05/Ekran-1778337511.jpg
Oxunub: 607     18:34     09 May 2026    
TEI-nin baş direktoru professor doktor Mahmut Akşit Tolga Özbəyə verdiyi müsahibədə Türkiyənin aviasiya mühərriki layihələrində gəlinən son vəziyyəti açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

TEI-nin baş direktoru professor doktor Mahmut Akşit bildirib ki, PD170 və PD200 mühərriklərinin seriyalı təhvilləri davam edir, TS1400-ün sertifikasiya prosesi son mərhələyə çatıb, TF6000-in bu ilin sonu və ya 2027-ci ilin əvvəlində uçuş sınaqları üçün platforma istehsalçılarına təhvil verilməsi planlaşdırılır, TF10000-də art yandırıcılı ilk sınağın 2027-ci ilin sonunda hədəfləndiyi və TF35000-in özək dizayn işlərinin davam etdiyi bildirib.

PD170 və PD200 təhvilləri genişlənir

TEI-nin pistonlu mühərrik ailəsinin ən yetkin üzvləri olan PD170 və PD200 Türkiyə müdafiə sənayesinin müxtəlif pilotsuz uçuş platformalarında fəal şəkildə istifadə olunur. PD170 TUSAŞ-ın ANKA və AKSUNGUR pilotsuz uçuş aparatlarına güc verir, 200 at gücünə malik PD200 isə “Baykar”ın TB3 platformasında xidmət göstərir.

Professor doktor Mahmut Akşit PD170-in ilk təhvilinin 2017-ci ildə həyata keçirildiyini, ilk uçuşunun isə 2018-ci ildə ANKA ilə edildiyini bildirərək qeyd edib: “PD170 uzun müddətdir yetişdirdiyimiz bir mühərrikdir. Seriyalı istehsalda və inventardakı mühərrik sayında hər gün artım var”.

PD200-ün dəniz platformaları üçün xüsusi olaraq hazırlandığını qeyd edən professor doktor Mahmut Akşit mühərrikin korroziyaya qarşı qoruma sistemləri və dəniz istifadəsinə uyğun modifikasiyalarla təchiz edildiyini bildirib.

SAHA 2026 çərçivəsində “Baykar”la yeni müqavilə imzalanarkən, TUSAŞ ilə də PD170 mühərriklərinin ikinci seriyalı istehsal paketinə dair müqavilə qüvvəyə minib.

TB3-ün Avropa prosesi üzrə TEI texniki dəstək verir

“Bayraktar” TB3-ün Avropa hava məkanında uça bilməsi üçün sertifikasiya və hüquqi proseslərdə TEI texniki dəstək göstərir.

Professor doktor Mahmut Akşit, “Baykar”ın apardığı proseslərdə lazım olan texniki sənədləri və dəstəyi təqdim etdiklərini bildirib: “TB3-ün Avropa səmasında bizim mühərriklərimizlə uçması üçün çalışırıq”.

TS1400 sertifikasiyanın son mərhələsindədir

GÖKBEY Ümumi Təyinatlı Helikopteri üçün hazırlanan TS1400 turboşaft mühərrikində texniki sınaqlar tamamlanıb və seriyalı istehsal konfiqurasiyası müəyyən edilib.

Professor doktor Mahmut Akşit deyib: “Mühərrik uçuşa hazır vəziyyətdədir. Lakin GÖKBEY mülki sertifikatlı platforma olduğu üçün mühərrikin də sertifikasiya prosesini tamamlaması lazımdır”.

Sertifikasiyanın üç əsas mərhələdən ibarət olduğunu bildirən professor doktor Mahmut Akşit dizayn təşkilatı təsdiqi ilə istehsal təşkilatı sertifikasiyasının tamamlandığını, son mərhələdə isə tip sertifikatının alınmasının hədəfləndiyini söyləyib.

“Türkiyə olaraq ilk dəfə mülki sertifikatlı, insan daşıyan bir hava vasitəsinin mühərrikini sertifikatlaşdırırıq”, - deyə professor doktor Mahmut Akşit qedy edib. O, prosesin Mülki Aviasiya Baş İdarəsinin koordinasiyasında və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) standartlarına uyğun şəkildə aparıldığını bildirib.

Daha güclü turboşaft və turboprop mühərriklər gündəmdədir

TEI TS1400-ün törəmələri ilə daha yüksək güc sinfinə məxsus turboşaft və turboprop mühərriklər üzərində də ilkin işlər aparır.

Professor doktor Mahmut Akşit TUSAŞ-ın ağır sinfə məxsus hücum helikopteri T929 üçün lazım olacaq mühərriklərə dair hazırlıqların davam etdiyini bildirib.

TF6000 planlaşdırılan performansın üstünə çıxıb

Türkiyənin ilk yerli hərbi turbofan mühərrik layihələrindən biri olan TF6000 sınaqlarda 5910 funt itki səviyyəsinə çatıb.

Professor doktor Mahmut Akşit deyib: “Artıq ANKA-3 və KIZILELMA kimi platformaları uçura biləcək güc səviyyələrinə çatmışıq. İlk mühərrikimiz layihədə nəzərdə tutulandan yuxarı performans göstərdi”.

TEKNOFEST-də nümayiş etdirilən mühərrikin yalnız aşağı gücdə nümayiş məqsədilə işlədildiyini bildirən professor doktor Mahmut Akşit real sınaqlarda mühərrikin daha yüksək güc səviyyələrinə çıxdığını ifadə edib.

TF6000-in bu ilin sonu və ya 2027-ci ilin əvvəlində uçuş sınaqları üçün platforma istehsalçılarına təhvil verilməsi planlaşdırılır.

TF10000-də art yandırıcılı ilk işə salınma hədəfi 2027-dir

TF6000 özəyi əsas götürülərək hazırlanan TF10000 turbofan mühərrikində işlər davam edir.

Professor doktor Mahmut Akşit qeyd edib: “Gələn ilin sonuna doğru “afterburner”li ilk işə salınmanı həyata keçirməyi hədəfləyirik”.

Bu mərhələnin tamamlanması ilə Türkiyə ilk dəfə “afterburner”li hərbi sinfə məxsus turbofan mühərrikini işə salmış olacaq.

TF35000-də özək dizayn işləri davam edir

Milli Döyüş Təyyarəsi KAAN-a güc verməsi planlaşdırılan TF35000 mühərriyində özək dizayn fəaliyyətləri davam edir.

Professor doktor Mahmut Akşit bu ölçüdə bir mühərrik hazırlama prosesinin yüksək texniki risklər daşıdığını vurğulayıb: “Hazırlayıb işə salanda elan edərik. Belə layihələrdə ən doğru yanaşma budur”.

Özək mühərrik texnologiyası yeni törəmələrin yolunu açacaq

TEI-nin hazırladığı mühərrik özəkləri müxtəlif güc siniflərində yeni mühərriklərin hazırlanmasına da əsas yaradır.

Professor doktor Mahmut Akşit TF6000 və ya TF35000 özəyinə fərqli fan sistemləri inteqrasiya edilərək regional reaktiv təyyarələr və mülki aviasiya tətbiqləri üçün yeni mühərriklərin hazırlana biləcəyini bildirib.

“Biz bu eksponensial artımın hələ başlanğıcındayıq”, - deyə professor doktor Mahmut Akşit qeyd edib. O, Türkiyənin aviasiya mühərrikləri sahəsində yaratdığı infrastrukturun bundan sonrakı mərhələdə daha sürətli nəticə verəcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TEI   TF6000   TF10000  


Bizi "telegram"da izləyin