Rusiyanın Ermənistandakı səfiri: “Təhlil lazımdır, İran tərəfinin münasibəti də nəzərə alınmalıdır”

2026/05/1778331225.jpg
Oxunub: 382     16:42     09 May 2026    
“Fars körfəzi regionunda baş verən hadisələr fonunda təhlükəsizlik məsələsi, o cümlədən İran tərəfinin buna münasibəti əlavə təhlil tələb edir”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “İravunk” qəzetinə müsahibəsində Vaşinqtonun iştirakı ilə Ermənistanın cənubunda nəqliyyat dəhlizinin açılması perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib.

Səfirin sözlərinə görə, Rusiya nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması istiqamətində səylərdə əvvəldən ən fəal iştirak edən tərəf olub.

“Bu, 2020-ci ilin noyabrında qəbul edilən üçtərəfli bəyanatda da öz əksini tapmışdı. Biz kommunikasiyaların açılması məsələsi ilə məşğul olan, üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunun çox fəal, gərgin və effektiv fəaliyyətini xatırlayırıq.

Hazırda bu istiqamətdə aparılan işlərin əsasını təşkil edən əsas nailiyyətlər də məhz həmin qrupun fəaliyyəti və 2020-2022-ci illərdə yüksək səviyyədə qəbul edilən üçtərəfli bəyanatlar zamanı formalaşıb. Buna görə də bu, Rusiyanın yalnız dəstəklədiyi deyil, həm də fəal şəkildə töhfə verdiyi və gələcəkdə də dəstək verməyə hazır olduğu prosesdir”, - deyə Kopırkin bildirib.

Ermənistanın cənubundan keçən marşrutla bağlı danışan səfir qeyd edib ki, Rusiya bunun nə olacağı və praktiki olaraq necə həyata keçiriləcəyi barədə daha konkret məlumat gözləyir.

“Hazırda vəziyyət, əlbəttə ki, qeyri-müəyyəndir. Bu, Yaxın Şərqdə və Fars körfəzi zonasında baş verən hadisələr, həmçinin İrana hücumla bağlıdır. Şübhəsiz ki, Ermənistanın baş naziri də bildirib ki, bu hadisələr fonunda layihə hazırda ABŞ administrasiyasının prioritetləri sırasına daxil deyil.

Yəni müəyyən vaxt dəyişiklikləri mümkündür. Bununla belə, biz bu prosesi diqqətlə izləyirik. Yeri gəlmişkən, bu məsələ ilə bağlı hökumətimizin sədr müavini Overçukun aprelin 2-də “İTAR TASS” agentliyinə verdiyi son müsahibədə çox konkret qiymətləndirmə və təhlil təqdim olunub.

O, xüsusilə qeyd edib ki, ümumilikdə bu layihənin həyata keçirilməsi Rusiya ilə Ermənistan arasında əlaqələrin yaxşılaşdırılması üçün imkan yarada bilər. Amma bunun necə həyata keçiriləcəyini aydın görmək lazımdır”, - deyə Rusiyanın Ermənistandakı səfiri vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin