Ordu.az xəbər verir ki, bunu “Reformistlər” partiyasının baş nazir postuna namizədi, Ermənistanın keçmiş müdafiə naziri və ölkənin Rusiyadakı sabiq səfiri Vağarşak Harutyunyan Baş nazir Nikol Paşinyanın “Qarabağ hərəkatı”nı (erməni separatizmi-red.) səhv adlandıran açıqlamalarını şərh edərkən deyib.
Rusiya ilə münasibətlərdəki gərginliyə toxunan Harutyunyan vəziyyəti böhranlı adlandırıb və səfirin çağırılması, diplomatik notanın təqdim edilməsinin ciddi problemlərdən xəbər verdiyini deyib. O qeyd edib ki, bu vəziyyət Moskvaya qarşı səsləndirilən təhdidlər üçün platforma təqdim olunması ilə də bağlıdır.
“Ermənistanın təhlükəsizliyi hazırda birbaşa təhdid altındadır. Çünki aydın diplomatiyanın olmaması partlayış təhlükəli vəziyyət yaradır”, - deyə Harutyunyan bildirib.
Mövcud hakimiyyətin Avropaya inteqrasiya niyyətlərinə gəlincə, keçmiş erməni səfir skeptik mövqe nümayiş etdirib. O xatırladıb ki, hətta böyük resurslara malik Ukrayna və Türkiyə kimi ölkələr belə illərlə Avropa İttifaqına üzvlük gözləyirlər, Ermənistanın isə belə standartlara çatması üçün milyardlarla dollar həcmində maliyyə yatırımı tələb olunur.
Rusiya ilə münasibətlərin indiki vəziyyətini qiymətləndirən Harutyunyan dərin böhranın mövcudluğunu vurğulayıb və səfirin nota təqdim olunması üçün çağırılmasının artıq normal hal olmadığını bildirib.
“Xüsusilə Rusiya tərəfinin aydın mövqeyini nəzərə alsaq, hazırkı dinamikada heç bir müsbət məqam görmürəm. Ermənistan Zelenskinin Moskvaya qarşı təhdidlər səsləndirdiyi platformanı təqdim edib”, - deyə o bildirib.
Keçmiş erməni səfir qeyd edib ki, əvvəllər də gərginlik olub, lakin onun fəaliyyəti dövründə kəskin məsələlər danışıqlar yolu ilə həll edilirdi, indi isə fikir ayrılıqları açıq dövlətlərarası böhrana çevrilib.
Müharibədən sonra Nikol Paşinyanın komandasında işləməsi ilə bağlı suala cavab verən Harutyunyan bildirib ki, o, zabit kimi konkret şəxsə deyil, “dövlətə xidmət etməyə and içib”.
“Mən bu xaosun içinə zövq almaq üçün yox, ordunun döyüş qabiliyyətini bərpa etmək məqsədilə gəlmişəm. Zabit elə xüsusi kateqoriyadır ki, istənilən hakimiyyət dövründə ölkəni qorumağa borcludur”, - deyə Harutyunyan fikrini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az