Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni Milli Konqresi” partiyasının sədr müavini və partiyanın baş nazir postuna namizədi Levon Zurabyan jurnalistlərlə söhbəti zamanı deyib.
“Bu, Avropa İttifaqı ilə Rusiya, ABŞ ilə İran arasında müharibənin Ermənistan ərazisinə yayılması təhlükəsidir. Paşinyan çox pis yolla gedir, o, Ermənistanı Qərb-Şərq qarşıdurmasının teatrına çevirmək istəyir. O, çox konkret tərəf seçib və faktiki olaraq Ermənistanı hibrid müharibəyə dəvət edir. Ən böyük təhlükə də budur. Çünki biz bu vəziyyətə düşən ölkələrin, Ukraynanın, Malinin, Afrikanın Sahel bölgəsindəki bir neçə ölkənin başına nə gəldiyini bilirik.
Biz bu gün Ermənistanı qlobal müharibə təhlükəsindən uzaq tutmalıyıq və bunun yalnız bir yolu var: Ermənistan düşərgələrə bölünməməli, neytrallığını qorumalı, həm Qərblə, həm Rusiya, həm İran, həm Çin, həm də Hindistanla yaxşı münasibətlər qurmalıdır”, - deyə o bildirib.
Zurabyan hakimiyyətin balanslaşdırılmış siyasət apardığına dair iddiaların yalan olduğunu söyləyib.
“O, (Paşinyan-red.) heç bir balanslaşdırılmış siyasət aparmır. Artıq hamıya aydındır ki, o, İlham Əliyevin tələblərinin yerinə yetirilməsi siyasətini həyata keçirir. Təbii ki, Avropa İttifaqının liderləri ona minnətdardırlar. Çünki bu siyasətin nəticəsində Ermənistanın başına nə gələcəyi onlar üçün vacib deyil, əsas odur ki, Rusiya Cənubi Qafqazdan sıxışdırılıb çıxarılsın, İran isə təcrid olunsun. Nikol Paşinyanın başını sığallamalarının səbəbi də budur.
Biz bu təhlükələrdən qaçmaq üçün hər şeyi etməliyik. Əsas strateji təhdidlər bunlardır, biz suverenliyimizi itirə, hibrid müharibəyə cəlb oluna, enerji böhranı ilə üzləşə bilərik”, - deyə “Erməni Milli Konqresi”nin baş nazir postuna namizədi bildirib.
Alpər Mövludoğlu
Ordu.az