Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, Əraqçi bu fikirləri cümə günü türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı zamanı səsləndirib. Tərəflər söhbət zamanı regiondakı əsas hadisələri müzakirə ediblər.
Telefon danışığı zamanı İranın XİN başçısı Fidanı ABŞ və İsrail tərəfindən zorla qəbul etdirilən aqressiv müharibənin tam dayandırılmasına yönəlmiş diplomatik təşəbbüslər barədə məlumatlandırıb.
Əraqçi Fars körfəzində ABŞ-nin son təxribat xarakterli addımlarına və amerikalı yüksəkrütbəli rəsmilərin təhqiramiz ritorikasına toxunaraq bildirib: “ABŞ Silahlı Qüvvələrinin son gərginlik yaradan addımları və atəşkəs rejiminin davamlı şəkildə pozulması diplomatiya ilə bağlı Amerika tərəfinin niyyətləri və öhdəliklərinə dair şübhələri daha da dərinləşdirib”.
O, ABŞ-nin yanaşmasını destruktiv adlandıraraq bunun diplomatik prosesə zərbə vurduğunu və Vaşinqtonun niyyətlərinə qarşı İran xalqında etimadsızlığı artırdığını qeyd edib.
Əraqçi həmçinin vurğulayıb ki, aqressiv və qanunsuz hərəkətlərin dayandırılması, eləcə də qarşı tərəfin ekstremist və məntiqsiz yanaşmalardan imtina etməsi hazırkı diplomatik prosesi irəli aparmaq üçün vacib şərtdir.
Öz növbəsində Hakan Fidan müharibənin dayandırılmasına yönəlmiş diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb və Türkiyənin bu istiqamətdə gedən proseslərə dəstək verməyə hazır olduğunu bildirib.
Sevinc Əliyeva
Ordu.az