Rusiya MSK: Ermənistanda MDB müşahidəçilərinə təzyiq göstərilib

2026/06/1780917605.jpg
Oxunub: 238     15:18     08 İyun 2026    
“Bir qrup naməlum şəxs MDB missiyasının müşahidəçilərindən seçki məntəqəsinə dair protokolu məhv etməyi tələb edib”.

Ordu.az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyinə Rusiyanın Mərkəzi Seçki Komissiyasının üzvü və MDB müşahidə missiyasının təmsilçisi Lyudmila Markina bildirib.

Onun sözlərinə görə, hadisə Ermənistanın Armavir vilayətində yerləşən 16/25 saylı seçki məntəqəsində baş verib.

Markina bildirib ki, müşahidəçilər aşkar etdikləri nöqsan və pozuntularla bağlı protokol tərtib etdikdən sonra bəzi şəxslər onların ətrafını mühasirəyə alaraq sənədlərin məhv edilməsini tələb ediblər.

“Missiyanın fəaliyyəti çərçivəsində aşkar edilən nöqsan və pozuntular barədə protokollar hazırlayırıq. Müşahidəçilər pozuntu aşkar etdikdən sonra sənəd tərtib etdilər. Məntəqə komissiyasının bəzi nümayəndələri bunu gördü, onların qarşısını kəsdi və protokolları məhv etməyi tələb etdi”, - deyə Markina bildirib.

O qeyd edib ki, müşahidəçilər öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərdikləri üçün sənədi məhv etməkdən imtina ediblər. Eyni zamanda, hadisə yerində olan polis əməkdaşları vəziyyətə müdaxilə etməyib.

“Bu, son dərəcə xoşagəlməz vəziyyət idi. İnsanlar təşkilatlanmış şəkildə, üzərlərində tanıtım nişanı olmadan onların ətrafını mühasirəyə almışdılar”, - deyə o əlavə edib.

Markinanın sözlərinə görə, insident sonradan aradan qaldırılsa da, müşahidəçilərin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaranıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin