Ordu.az xəbər verir ki, bu barədə Tayvan administrasiyasının CNA agentliyi məlumat yayıb.
Məlumata görə, əlavə büdcə parlamentdə hakim Demokratik Tərəqqi Partiyasının (DPP) 48 bitərəf səsinə qarşı müxalif Milliyyətçi Partiya (Koumintang/KMT) və Tayvan Xalq Partiyasının (TPP) 59 lehinə səsi ilə qəbul edilib.
2026-cı ildən 2033-cü ilə qədər ABŞ-dən iki ayrı silah alışını maliyyələşdirmək üçün istifadə olunacaq əlavə büdcənin 9,5 milyard dollarlıq ilk hissəsi ABŞ hökumətinin 2025-ci ilin dekabrında təsdiqlədiyi silah satışı paketi üçün, 15,3 milyard dollarlıq ikinci hissəsi isə Vaşinqtonun təsdiqini gözləyən yeni silah satışı paketi üçün xərclənəcək.
Əlavə müdafiə büdcəsi Tayvan administrasiyası hökumətinin tələb etdiyi 40 milyard dollarlıq vəsaitdən az olduğu üçün hakim partiya deputatlarının bitərəf səsi ilə parlamentdən keçib.
ABŞ-nin artıq satışına təsdiq verdiyi paketdə HIMARS Yüksək Hərəkət Qabiliyyətli Artilleriya Raket Sistemləri, M109A7 özüyeriyən haubitsaları, TOW 2B raketləri, “Altius-600” və “Altius-700M” pilotsuz uçuş aparatları və “Javelin” tank əleyhinə raketləri yer alır.
ABŞ-nin təsdiqini gözləyən yeni silah satışı paketi isə inteqrə edilmiş pilotsuz uçuş aparatı əleyhinə sistemlər, idarəolunan raket əleyhinə və hava hücumundan müdafiə raketləri, orta və alçaq hündürlük hava hücumundan müdafiə sistemləri ilə zirehdələn raket ehtiyatlarının yenilənməsini əhatə edir.
Sevinc Əliyeva
Ordu.az