Milli Döyüş Təyyarəsi KAAN tədarük müqaviləsi imzalandı

2026/05/photo-1778306974.jpg
Oxunub: 449     10:05     09 May 2026    
2026-cı il etibarilə İnkişaf Sınaq Təyyarəsi-1 prototipinin istehsalı tamamlanan Milli Döyüş Təyyarəsi KAAN-ın yer sınaqları davam edir.

Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə “Türkiyə Aviasiya və Kosmos Sənayesi” arasında Milli Döyüş Təyyarəsi KAAN tədarük müqaviləsi imzalanıb.

Mayın 6-da imzalanan anlaşma çərçivəsində 2028-ci ildən 2030-cu ilin sonuna qədər 20 ədəd Blok-10 KAAN təyyarəsi Hərbi Hava Qüvvələri Komandanlığına təhvil veriləcək. Hazırda inkişaf fəaliyyətləri davam edən TF35000 mühərrikinin isə qabiliyyət artırımları ilə birlikdə gələcək mərhələdə “Blok-30” KAAN platformalarına inteqrasiya edilməsi hədəflənir.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri professor doktor Haluk Görgün 300-dən çox şirkətin ortaq işi ilə milli texnologiya səfərbərliyinə çevrilən müqavilə ilə bağlı bunları deyib:

“Türkiyə müdafiə sənayesi tarixinin ən strateji layihələrindən biri olan Milli Döyüş Təyyarəsi KAAN Tədarük Müqaviləsinin imza mərasimi münasibətilə bir aradayıq. KAAN Türkiyənin aviasiyada çatdığı mühəndislik səviyyəsinin, texnoloji özünəinamının və tam müstəqil müdafiə sənayesi vizyonunun ən güclü simvollarından biridir. Bu layihə dizayndan istehsala, avionikdən tapşırıq sistemlərinə, aşağı radara görünmə qabiliyyətindən sensor birləşməsinə qədər geniş bir texnologiya sahəsini eyni məqsəd ətrafında birləşdirir.

Bu gün imza altına aldığımız müqavilə çərçivəsində 2028-ci ildən başlayaraq 2030-cu ilin sonuna qədər 20 ədəd Blok-10 KAAN təyyarəsini Hərbi Hava Qüvvələri Komandanlığımıza təhvil verməyi hədəfləyirik. Eyni zamanda KAAN platformasını yeni nəsil qabiliyyətlərlə mərhələli şəkildə inkişaf etdirəcək güclü yol xəritəsini həyata keçiririk.

2024-cü ildə ilk uçuşunu həyata keçirən KAAN sürətli prototipindən sonra 2026-cı il etibarilə İnkişaf Sınaq Təyyarəsi-1 prototipinin istehsalı tamamlanıb, yer sınaqları planlı şəkildə davam etdirilir. Tamölçülü konstruktiv sınaq təyyarəsinin istehsalının tamamlanaraq statik sınaqlara başlanması da proqramın inkişafını göstərən mühüm mərhələdir. Bu gün KAAN ekosistemi 20-dən çox şəhərdə, 300-dən artıq şirkət və 5000-dən çox əməkdaşla böyük bir milli texnologiya səfərbərliyinə çevrilib. Yerli mühərrik inkişaf yol xəritəmizə uyğun olaraq TF35000 mühərrikinin qabiliyyət artırımları ilə “Blok-30” KAAN platformalarına inteqrasiyasını da planlaşdırırıq. Bu münasibətlə KAAN Tədarük Müqaviləsinin ölkəmizə, Hərbi Hava Qüvvələri Komandanlığımıza və müdafiə sənayesi ekosistemimizə xeyirli olmasını arzulayıram, əməyi keçən bütün tərəfdaşlarımıza təşəkkür edirəm”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KAAN   Türkiyə  


Bizi "telegram"da izləyin