ASELSAN Türkiyə istehsalı zərbə PUA-larına yeni “gözlər” təqdim edəcək

2026/05/Ekran-1778306705.jpg
Oxunub: 440     09:51     09 May 2026    
Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) ilə ASELSAN arasında AF-500 EO/IR və AF-600 EO/IR kamera sistemlərinə dair müqavilələr imzalanıb.

Ordu.az xəbər verir ki, İstanbul Sərgi Mərkəzində keçirilən sərgidə Türkiyə MSK və ASELSAN arasında TB2, TB3 və TB2T-AI pilotsuz uçuş aparatı sistemlərində istifadə olunmaq üçün Türkiyə Quru Qoşunları və Hərbi Dəniz Qüvvələri Komandanlıqlarının ehtiyacına əsasən 98 ədəd AF-500 EO/IR kamera sisteminin tədarükü ilə AKSUNGUR və AKINCI pilotsuz uçuş aparatı sistemləri ilə icra ediləcək tapşırıqlarda istifadə olunmaq üçün AF-600 EO/IR kamera sisteminin tədarükünə dair müqavilələr imzalanıb.

Türkiyə MSK sədri professor doktor Haluk Görgün açıqlamasında bunları deyib: “Bu gün pilotsuz uçuş aparatı texnologiyalarında əldə etdiyimiz uğur yalnız platforma inkişaf etdirmə qabiliyyətimizdən qaynaqlanmır. Bu platformaların üzərindəki sensorlar, kameralar, rabitə sistemləri, sursatlar və tapşırıq kompüterləri də bütöv milli qabiliyyətin hissələridir. AF-500 tədarükü bu bütöv yanaşmanın mühüm addımlarından biridir”.

O, AF-500 elektro-optik sisteminin pilotsuz uçuş aparatı platformalarımızın tapşırıq effektivliyini artıracaq, sahədəki istifadəçiyə yüksək ayırdetməli görüntü, təkmilləşdirilmiş hədəf izləmə və güclü situasiya məlumatlılığı təmin edəcək kritik sistem olduğunu bildirib.

AF-600 EO/IR kamera sisteminin tədarükünə dair açıqlamalar verən Türkiyə MSK sədri professor doktor Haluk Görgün isə bunları qeyd edib: “Yerli elektro-optik qabiliyyətlərimizin inkişafı həm platforma müstəqilliyimiz, həm də ixrac potensialımız baxımından böyük əhəmiyyət daşıyır. Bu məhsul pilotsuz uçuş aparatı platformalarımızın görən gözü, analiz edən yaddaşı və dəqiq tapşırıq icrasını dəstəkləyən strateji alt sistemi olacaq”.

Görgün əlavə edib ki, AF-600 elektro-optik sistemi yüksək ayırdetməli gündüz və gecə görmə qabiliyyəti, uzun mənzildə yüksək dəqiqliklə məsafə ölçümü, lazer işarələmə, süni zəka kompüteri və avtomatik hədəf izləmə xüsusiyyətləri ilə seçilən bir sistemdir.

ASELFLIR-500

ASELFLIR-500 sabit qanadlı və fırlanan qanadlı hava platformaları, o cümlədən pilotsuz uçuş aparatları, helikopterlər və təyyarələr üçün hazırlanmış yüksək performanslı elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemidir. ASELFLIR-500 sistemində 3-5 mikrometr yüksək ayırdetməli infraqırmızı kamera, yüksək ayırdetməli gündüz görmə kamerası, yüksək ayırdetməli SWIR kamera, lazer hədəf işarələmə bölməsi, lazer məsafə ölçmə bölməsi, lazer nöqtə izləmə və lazer nöqtələmə yer alır.

ASELFLIR-600

ASELSAN elektro-optik sistemlər sahəsində səriştəsini daha yüksək səviyyəyə daşıyır. ASELSAN-ın yeni nəsil elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemi ASELFLIR-600 HALE sinfinə məxsus pilotsuz uçuş aparatları üçün xüsusi olaraq hazırlanıb. ASELFLIR-500-ün uğuru əsasında qurulan bu qabaqcıl sistem 25 düymlük ortaq açılışlı gimbal quruluşu və üstün aşkarlama, tanıma və diaqnoz imkanları ilə sinfinin ən güclü həlli kimi önə çıxır. Seriya istehsalına 2026-cı ilin əvvəlində başlanması planlaşdırılan ASELFLIR-600 strateji və uzun mənzilli tapşırıqlar üçün yüksək performans təqdim edir.

ASELFLIR-600 yüksək hündürlükdə tapşırıqlar üçün optimallaşdırılmış kompakt və davamlı quruluşunda çoxsaylı inkişaf etmiş sensorları bir arada daşıyır. Sistem HD orta dalğa uzunluqlu infraqırmızı (MWIR) kamera (1280×1024), full HD gündüz kamerası (1920×1080), qısa dalğa uzunluqlu infraqırmızı (SWIR) sensor və lazer məsafəölçən, lazer hədəf işarələyici, lazer işıqlandırıcı və nöqtə izləmə sistemi kimi inkişaf etmiş lazer komponentləri ilə təchiz olunub. Bu çərçivədə sistem yüksək güclü, aşağı sapmalı lazeri sayəsində uzaq məsafələrdə belə dəqiq hədəf aşkarlanması təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə   MSK  


Bizi "telegram"da izləyin