Kanadanın baş naziri: “Ermənistan və Azərbaycan arasında sülh yolunda əldə olunan irəliləyişi alqışlayıram”

2025/06/1750178673.jpg
Oxunub: 326     14:44     04 May 2026    
“Mən digər tərəfdaşlara qoşularaq Ermənistan və Azərbaycan arasında sülh yolunda əldə olunan irəliləyişi, eləcə də sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin (videobağlantı vasitəsilə-red.) iştirakını alqışlayıram”.

Ordu.az xəbər verir ki, bu barədə 2026-cı il mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitinin plenar iclası zamanı Kanadanın baş naziri Mark Karni bildirib.

Karni qeyd edib ki, Kanadanın bu sammitə qoşulan ilk qeyri-Avropa ölkəsi olması yerinə düşür.

O həmçinin bildirib ki, Kanada Ermənistanda Avropa missiyasında iştirak edən yeganə qeyri-Avropa ölkəsidir.

Onun sözlərinə görə, bu gün dünya texnologiya, enerji, ticarət və geopolitika sahələrində bir neçə cəbhə üzrə parçalanıb.

Karni əlavə edib ki, bəzi tərəflər bu inteqrasiyanı silah kimi istifadə edir və mövcud qaydalar artıq onların iddialarını məhdudlaşdırmır.

“Bu gün biz dünyanı olduğu kimi qəbul etməliyik, onu görmək istədiyimiz kimi yox. İndi təhlükəsizlik və rifah sahələri ənənəvi sərhədlərdən kənara çıxaraq (ərzaq, enerji və müdafiə) kosmik rabitədən tutmuş yarımkeçiricilərə, rəqəmsal suverenlikdən strateji xammala, müstəqil ödəniş sistemlərindən təmiz enerjiyə və peyvəndlərə qədər hər şeyi əhatə edir. Bizim strateji vəzifəmiz bu suveren imkanları ən etibarlı tərəfdaşlarla inkişaf etdirməkdir ki, bu da Kanada ilə Avropa İttifaqı arasında əməkdaşlıq üçün geniş imkanlar yaradır”, - deyə Kanadanın baş naziri qeyd edib.

Karni vurğulayıb ki, Kanada rəqəmsal texnologiyalardan müdafiəyə, təchizat zəncirlərindən təhlükəsizliyə qədər tərəfdaşları ilə münasibətləri daha da dərinləşdirmək istiqamətində çalışır. O bildirib ki, Avropa İttifaqının təhlükəsizlik təşəbbüsündə iştirak edən ilk qeyri-Avropa ölkəsi olmaq böyük şərəfdir və Kanada artıq strateji xammal sahəsində 18 milyard dollar dəyərində müqavilələr imzalayıb.

Karni qeyd edib ki, Kanada Avropa tərəfdaşları ilə süni zəka sahəsindən kosmosa qədər bütün texnoloji spektr üzrə əməkdaşlıq edir. “Biz enerji supergücüyük, neft hasilatına görə dünyada üçüncü, təbii qaz hasilatına görə isə dördüncüyük. Biz vətəndaşlarımızı və tərəfdaşlarımızı etibarlı və əlçatan enerji ilə təmin etməkdə qətiyyətliyik. Sonda qeyd etmək istəyirəm ki, biz burada həm də əməkdaşlığımızın mənəvi prinsipləri və təhlükəsizlik tələbləri səbəbilə həm Qafqazda, həm Baltikyanı regionda, həm Ukraynada, həm də bütövlükdə Avropada iştirak edirik. Bizi buraya gətirən həm də tərəfdaşlığımızın daha yaxşı, firavan, dayanıqlı və ədalətli dünya qurmaq üçün böyük potensialıdır. Mən qəti şəkildə inanıram ki, beynəlxalq nizam bərpa olunacaq”, - deyə o, sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   ASB  


Bizi "telegram"da izləyin