Ordu.az xəbər verir ki, bunu erməni tarix elmləri doktoru, professor Ruben Melkonyan Paşinyanın “baş verənlər”in digər amillərlə yanaşı, erməni xalqını beynəlxalq intriqalara cəlb etmək praktikasının nəticəsi olması barədə bəyanatına toxunarkən deyib.
Onun sözlərinə görə, Paşinyanın müraciətindəki vurğular ya məlumatsızlıqdan qaynaqlanır, ya da Türkiyənin maraqları ilə üst-üstə düşür.
“Reallıq tamamilə başqadır. Hesab edirəm ki, bu ifadə kökündən yanlışdır. Bunu müasir inkişaflarla müqayisə etsək, bu, indi müxtəlif dövlətlərin müxtəlif ölkələri insan hüquqlarının müdafiəsi ilə bağlı bəzi məhdudiyyətlərə görə tənqid etməsi ilə eynidir. Məsələn, elə 2018-ci ildə Nikol Paşinyanın rəhbərlik etdiyi həmin hərəkatı Avropa İttifaqının səfiri çox fəal izləyir, bəyanatlar verirdi. Bu, təxminən XIX əsrdə, XX əsrin əvvəlində baş verənlərlə eynidir. O zaman böyük dövlətlər öz maraqlarından çıxış edərək Osmanlı İmperiyasının siyasətinə müdaxilə edirdilər. Yəni mən düşünmürəm ki, Avropa İttifaqının səfiri Ermənistan və erməni xalqı naminə müdaxilə edirdi, öz maraqlarından çıxış edərək müdaxilə edirdi. Eyni şəkildə XIX əsrin sonlarından müxtəlif böyük dövlətlər öz maraqlarından çıxış edərək müdaxilə etməyə başladılar.
Buna görə burada erməniləri başqa dövlətlərin intriqalarının qurbanına çevrilməkdə ittiham etmək, məncə, ədalətli deyil. Burada deyə biləcəyimiz yeganə məsələ odur ki, erməni xalqının siyasi rəhbərliyinin hamısı dünya siyasəti oyununun qaydalarını dərk etmirdi və erməni xalqını başqa dövlətlərin silahına çevrilməkdən və sair uzaq saxlamaq üçün çox məharətli hərəkət edə bilmirdi”, - deyə Melkonyan bildirib.
Bu tezisin niyə indi dövriyyəyə buraxıldığı barədə suala Melkonyan belə cavab verib: “Bu tezis həm də Türkiyənin tezisi ilə demək olar ki, tamamilə üst-üstə düşür”.
Alpər Mövludoğlu
Ordu.az