Gürcüstanın keçmiş müdafiə naziri 10 il azadlıqdan məhrum edilib

2026/04/1777051273.jpg
Oxunub: 406     21:12     24 Aprel 2026    
Tbilisi Şəhər Məhkəməsi korrupsiyaya görə saxlanılan Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladzeni 10 il müddətinə azadlıqdan məhrum edib.

Ordu.az xəbər verir ki, bu barədə “Novosti-Qruziya” məlumat yayıb.

Burçuladze vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirli bilinib. Həmin maddələr üzrə maksimum 12 il cəza nəzərdə tutulur.

Həbs cəzası ilə yanaşı, məhkəmə keçmiş məmurun ailəsinə məxsus əmlakın müsadirə olunmasına qərar verib. Bunlara İspaniyadakı villa və Tbilisi yaxınlığında yerləşən elit Tsxneti qəsəbəsindəki ev daxildir. Burçuladzeyə eyni zamanda iki il müddətinə dövlət vəzifəsi tutmaq qadağan edilib.

Keçmiş nazirə qarşı iş hərbi hospital üçün maqnit-rezonans tomoqrafiya cihazının alınması ilə də bağlıdır. Həmin epizod üzrə büdcə vəsaitlərinin mənimsənilməsi ittihamı ilə keçmiş müdafiə nazirinin müavini Giorgi Xaindrava, satınalmalar departamentinin keçmiş rəhbəri Vladimir Quduşauri, eləcə də keçmiş nazirin qaynı oğlu Vasil Mxeidze də təqsirləndirilir.

Burçuladze 2021-ci il fevralından 2024-cü il fevralınadək İrakli Qaribaşvilinin hökumətində müdafiə naziri vəzifəsini tutub. Keçmiş baş nazirin özü də hazırda cəza çəkir. O, yanvar ayında prosessual razılaşma əsasında qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması ittihamlarını qəbul etdikdən sonra məhkəmə tərəfindən 5 il azadlıqdan məhrum edilmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Həbs  


Bizi "telegram"da izləyin