ABŞ prezidenti Donald Trampın 2027-ci maliyyə ili üçün rekord həcmdə, 1,5 trilyon dollarlıq müdafiə büdcəsi tələbinin böyük hissəsi Pentaqonun “prezident prioritetləri” adlandırdığı istiqamətlərə ayrılıb. Müharibə Nazirliyinin məlumatına görə, bunlara “Golden Dome” raketdən müdafiə sistemi, pilotsuz uçuş aparatlarında üstünlük, süni zəka və məlumat infrastrukturu, həmçinin müdafiə sənayesi bazası daxildir.
2027-ci ilin müdafiə büdcəsi ilə bağlı sorğu Trampın 2026-cı ildə Konqresdən əvvəlcə 892,6 milyard dollarlıq milli müdafiə büdcəsi istəməsindən, daha sonra isə 150 milyard dollarlıq əlavə sorğu təqdim etməsindən sonra gəlib. Nəticədə müdafiə büdcəsi ABŞ tarixində ilk dəfə 1 trilyon dollar həddinə çatıb.
Trampın müdafiə büdcəsinin detalları
Müdafiə büdcəsində 65 milyard dollardan çox vəsait Pentaqonun “Golden Fleet” təşəbbüsünə ayrılıb. Bu təşəbbüsə “General Dynamics” və “Huntington Ingalls Industries” tərəfindən istehsal olunacaq 18 döyüş gəmisi və 16 dəstək gəmisinin alınması daxildir. “Bloomberg”in məlumatına görə, gəmiqayırma büdcəsi ilə bağlı bu sorğu 1962-ci ildən bəri ən yüksək göstəricidir.
Büdcə sorğusuna həmçinin hava müdafiəsinin gücləndirilməsi məqsədilə ildə 85 ədəd “Lockheed Martin” F-35 təyyarəsinin alınması planı da daxildir. Rəsmilərin sözlərinə görə, təyyarələrin alınması və onların tədqiqat-inkişaf xərcləri üçün təxminən 102 milyard dollar tələb olunub ki, bu da ötən illə müqayisədə 26% artım deməkdir.
Tramp administrasiyası həmçinin “Boeing Co” F-47 qırıcısı kimi yeni nəsil sistemlərə üstünlük verməyi planlaşdırır. “Northrop Grumman” tərəfindən istehsal olunan B-21 bombardmançısı üçün 6,1 milyard dollar tələb olunub.
Büdcə sorğusuna ABŞ tarixində pilotsuz uçuş aparatları müharibəsi və pilotsuz sistemlərə qarşı texnologiyaların gücləndirilməsi üçün indiyədək ən böyük sərmayə də daxildir. Yüksəkvəzifəli rəsmilərin sözlərinə görə, avtonom pilotsuz platformalar və döyüş zonasının logistikası üçün 53,6 milyard dollar, sursat, pilotsuz sistemlərə qarşı texnologiyalar və qabaqcıl sistemlər üçün isə əlavə 21 milyard dollar tələb olunub.
Hazırkı sorğuya əsasən, “Defense Autonomous Warfare Group”un maliyyələşdirilməsi ötənilki 225 milyon dollardan bu il 54 milyard dollara yüksələcək. Yüksəkvəzifəli rəsmilərin sözlərinə görə, bu vəsaitin böyük hissəsi uzunmüddətli fundamental araşdırmalara deyil, mövcud texnologiyaların yerləşdirilməsinə yönələcək.
Büdcə həmçinin əlavə sursat proqramları üçün çoxillik tədarük müqavilələrini nəzərdə tutur. Bildirilir ki, uzunmüddətli sazişlər həm iri müdafiə podratçıları, həm də onların kiçik və orta təchizatçıları üçün sabitlik yaradır və istehsalı genişləndirməyə imkan verir.
Büdcəyə həmçinin şəxsi heyət üçün maaş artımı sorğusu daxildir. Rütbə səviyyəsindən asılı olaraq, aşağı rütbəli hərbçilər üçün 7%, orta səviyyəli heyət üçün 6%, yüksək rütbəli zabitlər üçün isə 5% artım nəzərdə tutulur. Bundan əlavə, ötən ilki 20 mindən çox göstərici ilə müqayisədə gələn il qoşunların sayının 44 min yeni üzvlə artırılması xərcləri də daxildir.
İran müharibəsi üçün maliyyə sorğusu yoxdur
Büdcə sorğusunun əsas məqamlarından biri İranla davam edən münaqişə üçün heç bir maliyyə ayrılmamasıdır. Hazırda iki ölkə müharibənin iki aya yaxınlaşdığı bir vaxtda davamlı sonluq axtarışında olduqları üçün atəşkəs rejimi çərçivəsindədir.
Sevinc Əliyeva
Ordu.az