Fransa müdafiə büdcəsini artırır

2026/04/doble-1776941498.jpg
Oxunub: 373     14:55     23 Aprel 2026    
Fransa 2024-2030 Hərbi Proqramlaşdırma Qanununu (LPM) yeniləməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın “Let’s Talk Deterrence” analitik platforması məlumat yayıb.

Sözügedən yenilənmə ilə onilliyin sonuna qədər müdafiəyə əlavə 36 milyard avro vəsait ayrılması nəzərdə tutulur.

Yenilənmədən sonra ölkənin illik müdafiə büdcəsinin 2030-cu ildə 76,3 milyard avroya yüksəlməsi planlaşdırılır. Bu rəqəm 2017-ci il səviyyəsinin demək olar ki, iki qatına bərabərdir.

Prioritetlər arasında nüvə çəkindirməsinin gücləndirilməsi və Fransanın strateji qüvvələrinin modernləşdirilməsi ön plana çıxır.

Yenilənmə çərçivəsində həmçinin artilleriya sursatı, raketlər və hava hücumundan müdafiə sistemləri ehtiyatlarının artırılması hədəflənir.

Bu çərçivədə sursat tədarükü üçün təxminən 8,5 milyard avro ayrılması planlaşdırılır, xüsusilə SAMP/T NG sisteminin hazırlanması üçün hava hücumundan müdafiəyə 1,6 milyard avro sərmayə qoyulması nəzərdə tutulur.

Pilotsuz uçuş aparatları və robotik sistemlər üçün isə təxminən 2 milyard avroluq büdcə ayrılıb.

Strateji modernləşmə və yeni hədəflər

Fransa “Rafale” F5 döyüş təyyarəsinin hazırlanmasını da sürətləndirir. Sözügedən platformanın 2030-cu illərin əvvəlində xidmətə qəbul ediləcəyi gözlənilir.

2035-ci ilə qədər Hava və Kosmik Qüvvələr, eləcə də dəniz aviasiyası üçün ən azı 47 ədəd “Rafale” F5 standartında təyyarənin inventara daxil edilməsi planlaşdırılır.

Proqramda xüsusilə müasir hava hücumundan müdafiə sistemlərini yarmaq və düşmənin dərinliklərindəki hədəfləri vurmaq qabiliyyətlərinə xüsusi vurğu edilir.

Paris rəhbərliyi həmçinin 2035-ci ilə qədər Avropa üzrə raket hücumlarına qarşı erkən xəbərdarlıq sistemi qurmağı hədəfləyir.

Sözügedən proqram yenilənməsinin Ukraynadakı müharibə, Yaxın Şərqdəki böhran və ABŞ-nin Avropaya yönəlik uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə bağlı artan qeyri-müəyyənlikdən qaynaqlandığı bildirilir.

Xatırladaq ki, Fransa eyni zamanda Avropada genişmiqyaslı müharibə ehtimalına qarşı yeni bir diviziya yaratmağa da hazırlaşır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Müdafiə   Büdcə  


Bizi "telegram"da izləyin