Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, bundan sonra Ermənistan Xarici İşlər Nazirliyində axtarışlar, kompüterlərin və sənədlərin götürülməsi baş vermişdi.
“Hraparak” bildirib ki, dövlətə xəyanətdə ittiham edilən keçmiş erməni konsul 2 il azadlıqdan məhrum edilib.
“Lakin bütün sorğularımıza cavab olaraq Xarici İşlər Nazirliyi və istintaq orqanları bu məlumatı israrla təkzib edirdilər.
Ancaq bir neçə gün sonra məlum oldu ki, Avstriyada yeni təyin olunmuş konsul Aşxen Aleksanyan saxlanılıb. Onun (guya-red.) bir azərbaycanlı ilə şəxsi əlaqəsi olub və Ermənistan hüquq-mühafizə orqanları onu dövlət sirri hesab olunan məlumatları həmin şəxsə ötürməkdə ittiham edirdilər.
İnternet bu məlumatlarla çalxalanırdı, qızın şəkli yayımlandı, onun ünvanına təhqirlər yağdırıldı. Xarici İşlər Nazirliyi dərhal öz saytından Aleksanyanla bağlı bütün məlumatları, hətta təyinat əmrini də sildi.
İstintaq Komitəsi bəyanat yaydı: “2025-ci il iyunun 20-də Ermənistan Milli Təhlükəsizlik Xidmətindən daxil olmuş məlumat əsasında Ermənistan İstintaq Komitəsinin dövlətə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı cinayətlərin araşdırılması baş idarəsində Cinayət Məcəlləsinin 418-ci maddəsinin 1-ci hissəsi və 424-cü maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan əməllərin əlamətləri üzrə cinayət işi başlanıb. Söhbət Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı tərəfindən casusluq, xarici dövlət nümayəndəsinə dövlət sirri olan məlumatla tanış olmaq üçün şərait yaratmaq, “düşmən fəaliyyəti”nə yardım göstərmək yolu ilə dövlətə xəyanət etmək hadisəsindən gedir. İstintaq zamanı Xarici İşlər Nazirliyinin əməkdaşına qarşı Cinayət Məcəlləsinin 418-ci maddəsinin 1-ci hissəsi (dövlətə xəyanət) ilə ictimai cinayət təqibi başlanıb”, - deyə nəşr vurğulayıb.
“Hraparak” yazıb ki, Aleksanyan ittihamı qəbul etmirdi, o həbs edilib, lakin müdafiəçisi ittihamın əsassız olduğunu bildirirdi.
“Təxminən bir ay əvvəl isə İrəvan şəhərinin birinci instansiya məhkəməsi Aleksanyanı dövlətə xəyanət maddəsi üzrə bəraətə çıxardı və irəli sürülmüş ittihamı yenidən tövsif etdi. Məhkəməyə görə, Aleksanyanın hərəkətlərində dövlətə xəyanət deyil, Ermənistan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan əməl, yəni vəzifəli şəxs tərəfindən hakimiyyət və ya xidməti səlahiyyətlərdən, yaxud bunlarla bağlı təsirdən sui-istifadə etmək və ya səlahiyyət həddini aşmaq əlamətləri mövcuddur.
Belə çıxır ki, gənc qadın müstəntiq və prokurorlar tərəfindən damğalandı, ona dövlətə xəyanət ittihamı verildi, bu ittihamdan qəzəblənən insanlar sosial şəbəkələrdə onu təhqir etdilər, lakin məlum oldu ki, o, günahsız imiş, hər halda xəyanət və ya casusluq olmayıb”, - deyə müəllif qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az