Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius Berlində Müdafiə Nazirliyində keçirilən mətbuat konfransında bildirib ki, Almaniya Silahlı Qüvvələrinin tarixində ilk dəfə hərbi strategiya müəyyən edilib.
Bunun bir çox səbəbi olduğunu bildirən Pistorius deyib: “Hərbi strategiyanın zəruri olduğu tarixi dövr nadir hallarda olub. Təhdid vəziyyəti, xüsusilə Putin Ukraynaya qarşı müharibəyə başladıqdan sonra daha da artıb”.
O qeyd edib ki, beynəlxalq hüquq nizamı da heç olmadığı qədər sorğulanır: “Dünya daha proqnozlaşdırılmaz hala gəlib və demək lazımdır ki, daha təhlükəlidir”.
Pistorius buna görə də təhdid vəziyyətinin necə inkişaf edə biləcəyini, hansı ssenarilərin mümkün və ya ehtimal olunan olduğunu, NATO ərazisinə mümkün hücum halında ehtimal olunan müharibə vəziyyətinin necə olacağını çox aydın şəkildə təhlil etdiklərini bildirib.
Bu ssenarilərin ictimaiyyətlə paylaşılmayacağını vurğulayan Pistorius belə deyib: “Əks halda Vladimir Putini də elektron poçt paylama siyahımıza daxil edə bilərdik. Bunlar paylaşılarsa, potensial rəqiblərə həddən artıq çox məlumat verər, bizi zəiflədər və təhlükə altına salar”.
Pistorius bildirib ki, hərbi strategiya “Avropa üçün məsuliyyət və ordumuz bu məsuliyyəti üzərinə götürür” başlığını daşıyır və burada ordunun hansı xüsusi qabiliyyətlərə malik olması gərəkdiyi də yer alır.
Ümumi hərbçi sayının ən azı 460 min olması hədəflənir
Pistorius gələcək 10-20 il üçün lazım olan tank, təyyarə və gəmi sayının dəqiq neçə olmasının vacib olmadığını, əsas olanın qabiliyyətlərin keyfiyyəti olduğunu vurğulayıb.
O bildirib ki, orduda şəxsi heyətə ehtiyac var və burada aktiv birliklər və ehtiyat hərbçilər daxil olmaqla ən azı 460 min döyüşə hazır hərbçiyə çatmaq hədəflənir.
Pistorius hərbçi sayının artırılması üçün birinci mərhələnin 2029-cu ilədək davam edəcəyini qeyd edib, dözümlülük və müdafiə qabiliyyətini təmin etmək üçün qarşıdakı illərdə şəxsi heyət sayında sürətli artıma ehtiyac olduğunu, bunun üçün Almaniya ordusuna qəbul aparılacağını deyib.
Nazir 2029-cu ilədək məqsədin 204 min aktiv xidmət edən hərbçiyə və 140 min ehtiyat hərbçiyə çatmaq olduğunu açıqlayıb.
Pistorius ikinci mərhələ olan 2029-2035-ci illərdə yeni silah sistemlərinin tədarükünün şəxsi heyət ehtiyacını müəyyən edəcəyinə diqqət çəkib, 2039-cu ilədək və ondan sonrakı üçüncü mərhələdə isə ordunun gələcəkdə malik olacağı qabiliyyətlərin şəxsi heyət sayına təsir edəcəyini vurğulayıb.
“Məqsədimiz Avropanın ən güclü konvensional ordusu olmaqdır”
Pistorius bildirib ki, avtomatlaşdırma və süni zəka istifadəsi bu planlamalara davamlı təsir göstərəcək.
Almaniyanın müdafiə naziri belə deyib: “Məqsədimiz kanslerin və mənim də ifadə etdiyim kimi, Avropanın ən güclü konvensional ordusu olmaqdır. Zərurət yaranarsa, bu hərbi genişlənməni mülki böyümə də müşayiət edəcək”.
O qeyd edib ki, aktiv birliklərlə yanaşı, ehtiyat hərbçilər də müdafiənin ikinci əsas sütunu olacaq, ehtiyat hərbçilər bundan sonra aktiv birliklərlə eyni statusa malik olacaqlar və onlara xüsusilə ölkə təhlükəsizliyi üçün ehtiyac duyulur.
Pistorius strateji hədəflərə çatmaq üçün ehtiyat hərbçilərin şərtlərini yaxşılaşdıracaqlarını, bürokratiyanı azaldacaqlarını və strukturları modernləşdirəcəklərini bildirib.
Onun sözlərinə görə, digər vacib sahə hava hücumundan müdafiədir və Almaniya ilə NATO üçün hava hücumundan müdafiə qarşıdakı illərdə yüksək prioritetə malik olacaq.
Məcburi hərbi xidmət məsələsinə də toxunan Pistorius əlavə edib ki, kifayət qədər hərbçi sayına çatılmadığı təqdirdə bu məcburiyyət yeni Hərbi Xidmət Qanununda artıq nəzərdə tutulub və say kifayət etməzsə, ehtiyaca əsaslanan məcburi hərbi xidmət tətbiqinin nəzərdən keçirilməli olduğunu hamı bilir.
Sevinc Əliyeva
Ordu.az