Milli mühərriklərin kritik alt sistemləri Gebzedəki mərkəzdə sınaqdan keçiriləcək

2026/06/1782387061.jpg
Oxunub: 251     15:24     25 İyun 2026    
Milli mühərriklərin və köməkçi güc sistemlərinin kritik alt komponentlərinin sınaqdan keçiriləcəyi Gebze Texniki Universitetinin ərazisində yerləşən TRMOTOR Alt Sistemlər Sınaq Mərkəzinin açılışı baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə TRMOTOR məlumat yayıb.

Məlumata görə, TRMOTOR Alt Sistemlər Sınaq Mərkəzinin açılışı Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün iştirakı ilə keçirilib.

TRMOTOR tərəfindən hazırlanan, ilk növbədə TF35000 olmaqla, milli mühərriklərin və köməkçi güc sistemlərinin kritik alt komponentləri bu mərkəzdə sınaqdan keçirilərək təsdiqlənəcək.

Mərkəzdə Hava Turbinli Başlatma Sistemi avadanlığının platforma mühərrikinə inteqrasiya olunmuş şəkildə yüksək sürətli iş rejiminin təsdiqlənməsi üçün ATS “Overrunning” Sınaq Stendi, TF35000 mühərrikinin yağlama sistemindəki hava-yağ ayırma qurğusunun performansının yoxlanılması üçün TF35000 “Deoiler” Sınaq Stendi müdafiə və aviasiya ekosisteminə təqdim olunacaq.

Bununla yanaşı, mühərrikin yanacaq idarəetmə qurğusunun yanacaq axını, təzyiq və sərfiyyat şəraitinə reaksiyasının yoxlanılması üçün TF35000 FMU Sınaq Stendi, eləcə də köməkçi güc qurğusundakı güc ötürmə və yağlama sistemlərinin yük, temperatur və dayanıqlıq şəraitində sınaqdan keçiriləcəyi APU Dişli Qutusu Sınaq Stendi də mərkəzdə fəaliyyət göstərəcək.

TRMOTOR-un milli mühərrik texnologiyaları sahəsində mühəndislik və sınaq imkanlarını daha da inkişaf etdirəcək bu mərkəzdə mühərriklərin kritik alt sistemləri real iş şəraitinə yaxın ssenarilər üzrə sınaqdan keçiriləcək. Burada yanacaq idarəetməsi, hava-yağ ayrılması, güc ötürülməsi, yağlama və yüksək dövrlərdə dayanıqlıq kimi vacib funksiyalar təsdiqlənəcək.

Mərkəz həmçinin universitet-sənaye əməkdaşlığının praktik nümunəsi olacaq. Mühərrik texnologiyaları sahəsində tələbələrin yerində öyrənmə imkanlarına töhfə verəcək mərkəz akademik fəaliyyətləri də dəstəkləyəcək.

TRMOTOR-un baş direktoru Osman Saim Dinç bildirib ki, Haluk Görgünü mərkəzin açılışında qəbul etməkdən böyük məmnunluq duyurlar.

“Onlara fəaliyyətimizə göstərdikləri yaxın maraq və dəstəyə görə təşəkkür edirik”, - deyə o qeyd edib.

Osman Saim Dinç mərkəzin əhəmiyyətindən danışarkən vurğulayıb ki, bu mərkəz sayəsində hazırlanan milli mühərriklərin və köməkçi güc sistemlərinin kritik alt komponentlərinin yerli sınaq infrastrukturu vasitəsilə təsdiqlənməsi istiqamətində mühüm addım atılır.

“TRMOTOR olaraq layihələndirmədən sınaqlara qədər uzanan mühəndislik proseslərimizdə “mühəndislikdə milli güc” yanaşması əsasında milli mühərrik texnologiyalarında xarici asılılığı azaldacaq bu cür sınaq infrastrukturlarını ölkəmizə qazandırmaq üçün fəaliyyətimizi qətiyyətlə davam etdirəcəyik”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gebze   TRMOTOR   Türkiyə  


Bizi "telegram"da izləyin