Paşinyan: “Bizə elə gəlirdi Qarabağ bizimdir və indi onu itirib-itirməyəcəyimizi düşünürdük”

2026/06/1782385956.jpg
Oxunub: 345     15:08     25 İyun 2026    
“İki ölkə tərəfindən imzalanaraq ratifikasiya edilmiş qaydalar məcburi hüquqi qüvvəyə malikdir. Məhz bu sənəd ərazi bütövlüyümüzün tanınmasının təsdiqi və haqqında danışdığımız Ermənistanın həmin “kadastr şəhadətnaməsi”dir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 25-də keçirilən brifinq zamanı jurnalistin dövlətin “mülkiyyət şəhadətnaməsi”nin tapılıb-tapılmaması ilə bağlı sualını cavablandırarkən deyib.

Jurnalist hökumət başçısına onun əvvəlki çıxışlarını xatırladıb. Jurnalist həmçinin onu seçki vədlərini yerinə yetirməməkdə, himayədarlıq prinsipi ilə hərəkət etməkdə və əvvəlki sadə həyat tərzindən uzaqlaşmaqda ittiham edib.

Paşinyan ölkə sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı sualdan təəccübləndiyini bildirərək Ermənistan və Azərbaycan arasında delimitasiya komissiyalarının birgə qaydalarının yaxın vaxtlarda ratifikasiya edilməsinin əhəmiyyətini vurğulayıb.

“Məhz həmin vaxt anladım ki, bizim konseptual səhvimiz var. Biz düşünürdük ki, kimsə gəlib bizi bu təhlükədən qoruyacaq. Elə həmin vaxt bütün siyasi formullarımız dəyişdi və bu təhlillərin nəticəsində qaldırdığınız sualların demək olar hamısına cavab verən “Real Ermənistan” ideologiyası yarandı”, - deyə Paşinyan bildirib.

Ermənistanın baş naziri qeyd edib ki, yeni konsepsiya yalnız ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinə əsaslanır.

Paşinyan Qarabağ münaqişəsi ilə bağlı əvvəlki səs-küylü bəyanatlarına da toxunub. O qeyd edib ki, heç vaxt sözlərinə görə məsuliyyətdən yayınmayıb və 2019-cu ildə Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır, vəssalam” ifadəsini onlarla dəfə özü xatırladıb.

“Məhz həmin bəyanatların nəticəsində biz bugünkü mərhələyə gəlib çatdıq və bu, yaxşı mərhələdir. Əgər mən bunu deməsəydim, həmin tələdə əsir vəziyyətində qalardıq, çünki baş verənlərin əsl mahiyyətini anlaya bilməzdik. Bütün məsələ ondan ibarətdir ki, bizə elə gəlirdi Qarabağ bizimdir və indi onu itirib-itirməyəcəyimizi düşünürdük. Halbuki biz Ermənistanı itirmək təhlükəsi ilə üz-üzə idik”, - deyə Paşinyan bildirib.

O, jurnalistin niyə əvvəlki kimi svetoforun qırmızı işığında dayanmadığı barədə sualını da cavablandırıb.

“Bu, təhlükəsizlik mühitinin dəyişməsi nəticəsində baş verib. Bəli, əvvəllər dayanırdıq, indi dayanmırıq, çünki təhlükəsizliyin təmin edilməsi bunu tələb edir. Ancaq Ermənistanın heç bir rəhbəri küçələrdə bu qədər piyada gəzməyib və bu qədər yaşayış məntəqəsində olmayıb”, - deyə o vurğulayıb.

Paşinyan əlavə edib ki, hökumət başçısının şəhər tıxacları səbəbindən rəsmi görüşlərə daim gecikməsi məntiqli olmazdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin