Ordu.az xəbər verir ki, tədbirdə Türkiyənin müdafiə sənayesi potensialını gücləndirməyi hədəfləyən SSB Kvant Proqramı ictimaiyyətə təqdim olunub.
Tədbir çərçivəsində strateji əhəmiyyət daşıyan layihələr üzrə imza mərasimləri keçirilib.
Bu çərçivədə “Superkeçirici Kvant Prosessor Vahidinin (QPU) Hazırlanması Layihəsi”, “Naviqasiya və sualtı qayıqların aşkarlanması üçün Kvant Maqnitometrinin İstifadəsi və Nümayişi (KERTERİZ) Layihəsi”, “Müdafiə Sənayesi Kvant Texnologiyaları Strateji Bacarıqların İnkişafı üzrə Əməkdaşlıq Protokolu” və “SSB Kvant Alqoritmləri Müsabiqəsi” üçün ayrıca imza mərasimləri təşkil olunub.
Bundan əlavə, açılışı həyata keçirilən Türkiyə Kvant Platforması ilə bağlı məlumat təqdim edilib.
Türkiyə Müdafiə Sənayesi Komitəsi də bu gün əməkdaşlıq protokolları və layihələrlə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib: “Müdafiə Sənayesi Komitəsi Kvant Texnologiyalarının İnkişafı Platforması çərçivəsində kvant sahəsində strateji bacarıqların inkişafına yönəlmiş əməkdaşlıq protokolları və layihələr imzalanıb. Universitetlərimizin, şirkətlərimizin, tədqiqat mərkəzlərimizin və sənaye müəssisələrimizin töhfələri ilə kvant hesablama, kvant aşkarlama və naviqasiya texnologiyaları üzrə milli imkanları vahid yanaşma əsasında inkişaf etdiririk. Kritik texnologiyalarda tam müstəqil Türkiyə vizyonuna töhfə verən bütün tərəfdaşlarımıza təşəkkür edirik”.
Sevinc Əliyeva
Ordu.az