Ordu.az xəbər verir ki, Pakistan Hərbi Dəniz Qüvvələri yerli olaraq hazırlanmış və hava platformasından buraxılan “Taimoor” qanadlı raketinin (Air-Launched Cruise Missile/ALCM) real döyüş sursatı ilə atış sınağını aprelin 21-də uğurla həyata keçirib.
Bu inkişaf ölkənin dəniz hədəflərinə qarşı zərbə gücündə mühüm artıma işarə edir.
Pakistan Ordusunun Xalqla Əlaqələr Bölməsi (ISPR) tərəfindən yayılan açıqlamada bildirilib ki, sözügedən qanadlı raket olduqca yüksək dəqiqlikli zərbə qabiliyyəti nümayiş etdirib və donanmanın dəniz üzərindəki hədəfləri aşkarlamaq, izləmək və uzaq mənzildən zərərsizləşdirmək qabiliyyətini təsdiqləyib. Dəmir kimi güclü mənasına gələn bu qanadlı raket əməliyyat hazırlığının mühüm göstəricisi kimi xarakterizə olunub, bu inkişafın Pakistanın müdafiə mövqeyində kritik yüksəlişə işarə etdiyi vurğulanıb.
ISPR-nin açıqlamasında qeyd edilib: “Pakistan Hərbi Dəniz Qüvvələri ölkənin dəniz maraqlarını və suveren sularını qorumaq əzmini davam etdirir”. Bu uğur Pakistan prezidenti Asif Əli Zərdari, baş nazir Şahbaz Şərif və Quru Qoşunları komandanı Asım Münir başda olmaqla yüksəkvəzifəli rəsmilər tərəfindən də təbrik edilib. Liderlər alim və mühəndisləri mühüm dönüş nöqtəsi kimi xarakterizə olunan bu uğura görə təbrik ediblər. Daxili işlər naziri Möhsin Naqvi isə sınağı müdafiə qabiliyyətini gücləndirən mühüm addım kimi dəyərləndirib.
“Gulf News”un yaydığı məlumata görə, sözügedən uğurlu atışın silahlı qüvvələrin konvensional sahədə çoxölçülü koordinasiyalı hücum qabiliyyətini daha da gücləndirməsi və platformalararası əməliyyat uyğunluğunu artırması gözlənilir. İlin əvvəlində Pakistan Hərbi Dəniz Qüvvələri Şimali Ərəb dənizində keçirilən genişmiqyaslı təlimdə həm konvensional, həm də pilotsuz sistem qabiliyyətlərini, o cümlədən hava hücumundan müdafiə raketinin uğurlu atışını nümayiş etdirmişdi.
Pakistan Hərbi Hava Qüvvələri də Taimoor silah sistemini sınaqdan keçirib və raketin təxminən 600 km mənzilədək quru və dəniz hədəflərini vura bildiyi bildirilir. Bu mənzil qanadlı raketin hava məkanı sərhədini aşmadan hücum imkanı verən görmə xəttindən kənar qabiliyyətini artırır. Həyata keçirilən sınaqlar dəyişən regional təhlükəsizlik mühiti fonunda Pakistanın çəkindirmə və dəqiq zərbə qabiliyyətlərini artırmaq istiqamətindəki imkanlarını inkişaf etdirmə səylərini əks etdirir.
Sevinc Əliyeva
Ordu.az