Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilir ki, bu transfer 2026-cı ilin aprelində təsdiqlənmiş 1 milyard avroluq hərbi yardım paketinin tərkib hissəsidir.
Özəl ehtiyatlardan geri satınalma modeli
Belçika hökuməti “Gepard” sistemlərini birbaşa inventardan deyil, özəl sektor ehtiyatlarından yenidən satın alaraq Ukraynaya verəcək. Bildirilir ki, bu sistemlər əvvəllər Belçika ordusunun istifadəsində olub və 2000-ci illərin əvvəlində istismardan çıxarıldıqdan sonra özəl şirkətlərin inventarına keçib.
Bu çərçivədə sistemlər “OIP Land Systems” tərəfindən saxlanılıb və təhvil verilməzdən əvvəl Belçikada genişmiqyaslı texniki xidmət və yenilənmə prosesindən keçiriləcək. Lakin təhvil qrafiki ilə bağlı rəsmi tarix açıqlanmayıb.
Belçikanın müdafiə naziri Teo Frankenin təsdiqlədiyi bu modelin xarici təchizat proseslərindən asılılığı azaltmaq və təhvil prosesini sürətləndirmək məqsədi daşıdığı bildirilir.
Kritik infrastrukturun qorunmasına töhfə verəcək
Gepard sistemlərinin Ukraynaya verilməsinin xüsusilə aşağı hündürlükdən gələn təhdidlərə qarşı müdafiə qabiliyyətini artıracağı gözlənilir. Sistemlər intensiv pilotsuz uçuş aparatı hücumları və qanadlı raketlərə qarşı iqtisadi baxımdan səmərəli həll kimi önə çıxır.
Mütəxəssislərin qiymətləndirməsinə görə, bu cür sistemlər bahalı hava hücumundan müdafiə raketlərinin kifayət etmədiyi və ya iqtisadi cəhətdən səmərəli olmadığı ssenarilərdə kritik rol oynayır.
Radarla idarə olunan top sistemi
“Gepard” “Leopard 1” tank şassisi üzərində qurulmuş və qısamənzilli hava hücumundan müdafiə üçün hazırlanmış platforma kimi tanınır. Sistem iki lüləli 35 mm “Oerlikon” topu ilə dəqiqədə təxminən 1.100 mərmi atəş sürətinə çatır.
Radar dəstəkli atəş idarəetmə sistemi sayəsində hədəfləri avtomatik müəyyən edib izləyə bilən “Gepard” təxminən 4 kilometr effektiv mənzil ilə xüsusilə aşağı hündürlükdə uçan hədəflərə qarşı effektivlik təmin edir.
Müasir müharibədə yenidən önə çıxan sistem
1970-ci illərdə hazırlanmış “Gepard” sistemləri uzun illər NATO ölkələrində xidmətdə olduqdan sonra raket əsaslı hava hücumundan müdafiə sistemlərinin geniş yayılması ilə mərhələli şəkildə istismardan çıxarılmışdı.
Lakin Ukraynadakı müharibə, xüsusilə ucuz və kütləvi pilotsuz uçuş aparatı təhdidlərinə qarşı bu cür top əsaslı sistemlərin yenidən əhəmiyyət qazanmasına səbəb olub.
Sevinc Əliyeva
Ordu.az